“İlk matçın təəssüratları ilə oynasaq, sürprizlə qarşılaşa bilərik”
20.07.2010 - 23:08
“İlk matçın təəssüratları ilə oynasaq, sürprizlə qarşılaşa bilərik”
“Səfərdə qazandığımız 2:1 hesablı qələbə bizim üçün yaxşı nəticədir. Ancaq futbol sürprizlərlə dolu oyundur”. Bu sözləri apasport.az saytına açıqlamasında Ağdamın “Qarabağ” klubunun futbolçusu Admir Teli deyib.

“Metallurq”la ilk oyunda qırmızı vərəqə alaraq komandasını azlıqda qoyan albaniyalı müdafiəçi cəzasını başa vuraraq, heyətdəki yerini alıb. Avropa Liqasının II təsnifat mərhələsinin cavab qarşılaşmasında “Portadaun”la matçda heyətdəki yerini alacaq təcrübəli futbolçu arxayınçılıqdan ehtiyatlanır: “Ayıq-sayıq olmalıyıq. Oyuna yaxşı köklənib, konsantrasiyanı əldən verməməliyik. Qələbə üçün mübarizə aparmaq lazımdır. İlk oyunu unutmalıyıq. Əgər ilk görüşün təəssüratları ilə oyuna çıxsaq, sürprizlə qarşılaşa bilərik”.

Səfərdə qazanılan qələbənin hesabına, növbəti mərhələyə çıxmaq şanslarını xeyli yaxşılaşdıran Ağdam təmsilçisinin növbəti raundda Polşanın “Visla” komandası ilə qarşılaşmaq ehtimalı var. Albaniyalı legioner Polşa klubu haqda məlumatlı olduğunu və çətin oyun olacağını bildirib: “Bilirəm ki, çox güclü komandadır. Eyni zamanda, texniki-taktiki futbola üstünlük verirlər. Heyətində texniki futbolçular var. Onlar da bizim komanda kimi texniki futbol oynayırlar. Məncə, çox çətin və gərgin oyun olacaq. Ancaq hər şeydən əvvəl “Portadaun”la oyun barədə fikirləşməliyik”.

Teli futbol üçün darıxığını sözlərinə əlavə edib: “Qarabağ” bir futbolçudan asılı komanda deyil. Təssüflənirəm ki, qırmızı vərəqə alaraq, son iki oyunda komandama kömək edə bilmədim. Artıq meydana çıxıb, oynamaq vaxtıdır”.