Nikola Rakoyeviç iddialı danışdı: “Brondbü” ilə “Bakı” yox, biz görüşəcəyik
21.07.2010 - 00:30
Nikola Rakoyeviç iddialı danışdı: “Brondbü” ilə “Bakı” yox, biz görüşəcəyik
“Bakı”nın Avroliqanın II təsnifat mərhələsində rəqibi olan Çernoqoriyanın “Buduçnost” klubunun baş məşqçisi Nikola Rakoyeviç azərbaycanlı jurnalistlərə vaxt ayırmaqda problem görmədi. Apasport.az saytının Çernoqoriyaya ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, təcrübəli mütəxəssis məşqdən sonra bizlərin suallarını cavablandırdı.

- Bakıdakı 1:2 hesablı məğlubiyyətin əvəzini çıxıb, növbəti mərhələyə çıxmaq şansınız varmı?
- Futbolda uduzmağı fikirləşsən, meydana çıxmağa dəyməz. Hələ Bakıda demişdim ki, biz orada 1:0 hesabı ilə qalib gəlsəydik də, favorit “Bakı”dır. Çünki komandanız çox yaxşı oynayırdı.

- Cavab görüşündə də “Bakı” favorit olacaq?
- Bəli-bəli. Çünki “Bakı” güclü komandadır.

- Belə hesab edirsiniz ki, növbəti mərhələyə “Bakı” çıxacaq, yoxsa cavab görüşündə meydanda hansısa mübarizə görəcəyik?
- Cavab görüşündə meydanda mübarizə olacaq. Fikrimcə, “Bakı”nın ilk oyunda aşkarlığım zəif cəhətlərindən istifadə edə bilərik. Komandanızda yaxşı ifaçılar çoxdur, bizdə isə gənc futbolçular.

- “Bakı”nın hansı zəif cəhətlərini deyə bilərsiniz?
- Mən bunu söyləyə bilmərəm. Bu, bir sirdir.

- Belə demək olar ki, siz oyun öncəsi taktika işlədib, bir növ hiyləgərlik edib, komandamızı arxayınlaşdırmaq istəyirsiniz?
- Bu, qətiyyən belə deyil. Fikir verirəm ki, “Bakı” nə qədər beynəlmiləl komandadır. Komandanızda çoxlu təcrübəli futbolçular var. “Buduçnost”un isə heyətinin 90 faizi yerli futbolçulardır.

- Sizə cavab oyununda erkən qol kömək olarmı?
- Bizim üçün ən yaxşı qol hücumçunuzun son dəqiqələrdə vurduğu qol olardı.

- Braziliyalı Jabanın cərimə zərbəsini nəzərdə tutursunuz...
- Bu qol bizim çox xoşumuza gəlir.

- Yığmamız 7 il öncə elə Podqoritsada Serbiya və Çernoqoriya ilə 2:2 hesablı heç-heçə edib. Bu nəticə oyunçularınıza nə qədər təsir edəcək?
- Heç bir. Bu, yalnız mənəvi durumu yüksəldə bilər.

- Oyuna proqnoz verə bilərsiniz?
- Nəticəni deyə bilərəm, ancaq fikrimcə, mərhələni biz keçəcəyik.

- Yəni növbəti mərhələdə Danimarkanın “Brondbü” klubu ilə görüşü fikirləşirsiniz?
- “Brondbü” ilə bu il biz oynayacağıq, siz isə həmin rəqiblə görüş üçün gələn ili gözləməli olacaqsınız.

Mehman SÜLEYMANOV