Vinfred Şafer: Mən bu problemi birdəfəlik məhv etmək istəyirəm
21.07.2010 - 00:02
Vinfred Şafer: Mən bu problemi birdəfəlik məhv etmək istəyirəm
Avroliqada ölkəmizi təmsil edən “Bakı” klubu Çernoqoriyaya 4 saatlıq yol qət etdi. Apasport.az saytının Çernoqoriyaya ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, “Buduçnost”la cavab görüşünə çarter reysi ilə yollanan komandamız bu gün Bakı vaxtilə saat 16:00-da (yerli vaxtla 13:00) Podqoritsa hava limanına endi. Nümayəndə heyəti arasında veteran futbolçularımız – AFFA-nın İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadovla yığmamızın və “Neftçi”nin sabiq baş məşqçisi Vaqif Sadıqov da var idi. Bizləri Bakıda olduğu kimi, Podqoritsada da isti hava qarşıladı. Hər halda, verilən məlumata görə, burada havanın temperaturu 34 dərəcədir.

“Zolaqlılar” ilk məşqini axşam saatlarında “Buduçnost” klubunun bazasında süni ötrüklü meydançasında keçirməli oldu. Komandamızın almaniyalı baş məşqçisi Vinfred Şafer məşqdən öncə futbolçularla qısa söhbətləşdi. O, hələ məşqin gedişində Podqoritsaya gələn azərbaycanlı jurnalistlərə vaxt ayırdı və onların suallarını cavablandırdı.

- “Bakı” “Buduçnost”la səfərdəki keçirəcəyi cavab oyununa neçə faiz hazırdır?
- Komanda oyuna tam hazırdır. Hazırlıq keçməyə çox vaxtımız olmayıb. Cəmi bir aydır məşqlər keçirik. Bu müddətdə işimiz asan olmayıb. Yeni komanda qurmalı, futbolçuların bir-birinə uyğunlaşmasını təmin etməli idik. İlk günlərdən futbolçulara başa salmağa çalışırdım ki, bir kollektiv olmağı bacarmalıyıq. Elə etməliyik ki, komandamızın bütün millətlərdən olan oyunçuları eyni masa arxasında otursun. Sevinirəm ki, tədricən bunu bacara bilirik. Son oyun göstərdi ki, onlar komanda kimi birləşməyi bacarır.

- İtkiləriniz varmı? Start heyətdə dəyişiklik gözlənilirmi?
- Bir dəyişiklik olacaq. Ancaq bu haqda konkret bir söz demək istəmirəm. Son oyunun videoyazısını dəfələrlə izləmişəm. Özünüz məşqi izləyib, həmin dəyişikliyi müəyyənləşdirməyə çalışın. Deməzdim ki, bu dəfə şans verməyəcəyim futbolçu ilk oyunda zəif çıxış edib. Sadəcə, neçə oyundur problemlər özünü göstərir. Yəni oxşar səhvlərdən qol buraxırdıq və həmin problemi birdəfəlik məhv etmək istəyirəm. Səhvlər həmişə olur. Ancaq bir sıra səbəblərin mövcudluğunu da unutmamalıyıq. Məsələn Stevan Bates Almaniyada toplanışımızda iştirak etsə də, qəfildən komandadan ayrıldı. Sonradan geri qayıtsa da, yenidən getməyə qərar verdi. Digər mərkəz müdafiəçisi Dare Nibombe isə komandaya yeni qoşulub və uyğunlaşma müddətini keçməlidir. Sözsüz ki, eyni vaxtda iki mərkəz müdafiəçimizin probleminin olması arxa xətdə boşluqların yaranması ilə nəticələnir. İyulun 22-dəki cavab görüşündə qapımızın toxunulmazlığını qorumağa çalışmalıyıq. Digər yeni transferimiz Cefferson Anqulo viza problemləri üzündən komandaya gec qoşuldu və Almaniyadakı hazırlıqda iştirak edə bilmədi. O, istedadlı futbolçudur və komanda ilə birgə hazırlıq keçəcəyi təqdirdə bizə daha çox xeyir verə bilər.

- Son Azərbaycan kubokunun qalibi olan “Bakı” “Buduçnost”la ilk oyunda start heyətində bütünlüklə legionerlərə yer verdi. Bu, bəzi futbol mütəxəssislərinin gileyinə səbəb olub. Fikrinizcə, yerli futbolçular niyə heyətə düşə bilmir? Onların çatışmazlığı nədir?
- Əslində onlardan biri olan braziliyalı Fabio Luis Ramim Azərbaycan pasportuna malikdir, yığmanızda oynayır. Şablon səslənsə də, mənim üçün legioner və yerli futbolçunun fərqi yoxdur. Onları bir-birindən ayırmıram. Təəssüf ki, heyətimizdə legionerlərdən iki baş üstün olan yerli futbolçumuz yoxdur. Misal üçün vaxtilə London “Arsenal”ında hamısı legioner idisə, yavaş-yavaş öz gənc yerli futbolçuları heyətə düşür. Bizdə də 3-4 ildən sonra oxşar vəziyyət yaranacaq. Almaniyadakı yoxlama oyunlarımızda bütün yerli futbolçulara şans verdim. Ancaq onlar arasında mənə siqnal verən, “heyətdə oynaya bilərəm” deyə bilən yerli futbolçu görmədim. Cəmşid Məhərrəmov, Bəxtiyar Soltanov yaxşı futbolçulardır. Ancaq öz üzərlərində çox çalışmalıdırlar. Məni yaxından tanıyanlar bilir ki, gənclərlə işləməyi xoşlayıram. Kamerun yığmasında 4-5 futbolçuya şans verib, onları milliyə qazandırmışam. Mən Bəxtiyar Soltanovu 4-5 həftəyə super futbolçu edə bilmərəm. Ola bilsin ki, Bəxtiyar bir müddətdən sonra heyətə qayıtdı. “Karlsrue” klubuna gəldiyim ilk vaxtlar gənclərə şans verdim və onlar arasında Oliver Kan, Mehmet Şoll kimi futbolçular üzə çıxdı. Yenə deyirəm ki, bu qısa müddətim işi deyil və bizə vaxt lazımdır.

Mehman SÜLEYMANOV