“Borussiya”ya qarşı necə oynamağı TRT3-dən öyrənmək olar
20.08.2010 - 17:21
“Borussiya”ya qarşı necə oynamağı TRT3-dən öyrənmək olar
Bu həftə Avropanın 5 ən güclü milli çempionatından biri olan Almaniya Bundesliqası start götürür. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının pley-off mərhələsində Ağdamın “Qarabağ” klubu ilə qarşılaşan “Borussiya” təmsilçimizlə oyundan 3 gün sonra yenə “Vestfalenştadion”a çıxacaq. Yurgen Kloppun yetirmələri yay fasiləsində Mixael Ballak kimi ulduzu transfer edən Leverkuzen “Bayer”i ilə üz-üzə gələcəklər.

Dortmunddakı bu görüş bir çox ölkələrdə canlı yayımlanacaq. Azərbaycanlı futbolsevərlər peyk antenası vasitəsilə Türkiyənin TRT3 kanalından “Borussiya”nın oyununa bir daha baxa bilərlər. Elə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla yetirmələri də “Borussiya”ya qarşı necə oynamağı Ballakın ifasında izləmək imkanına malik olacaq. Lakin ağdamlılar gərək MOİK-lə avqustun 22-dəki matçın ardından dərhal oyunu izləməyə yollansın. Çünki 18:00-da başlayan MOİK – “Qarabağ” qarşılaşmasının final fitindən 40-45 dəqiqə sonra, Bakı vaxtı ilə saat 20:30-da TRT3 “Vestfalenştadion”a bağlanacaq.