“Gəncə” azarkeşlərinə sürpriz: Onları qəbul etməyə hazırıq
29.10.2010 - 23:02
“Gəncə” azarkeşlərinə sürpriz: Onları qəbul etməyə hazırıq
“Qəbələ” ilə oyuna hazırıq. İnşallah, qələbə qazanıb, azarkeşlərimizi sevindirəcəyik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Gəncə” klubunun prezidenti Elmir Əliyev deyib.

Mövsümə ardıcıl heç-heçələrlə başlayan, amma sonradan çempionluğa iddialı “İnter” və “Xəzər Lənkəran”ı məğlub etməklə bir anda diqqət mərkəzinə düşən “Gəncə” X turda fiaskoya uğradı. Əyalət təmsilçisi əzəli rəqibi olan “Neftçi” qarşısında heç bir varlıq göstərə bilmədi. İndi Fuad İsmayılovun yetirmələri doğma meydanda “Qəbələ”ni udmaqla həm böyük hesablı məğlubiyyəti unutmağa, həm də azarkeşlərin könlünü almağa çalışacaqlar. Təbii ki, “Xəzər Lənkəran”la oyunda stadiona 17500 tamaşaçının gəlməsi “Gəncə” rəhbərliyinin üzünü güldürməyə bilməz. Klub rəhbərliyi “Qəbələ” ilə qarşılaşmaya da azarkeşlərin maraq göstərəcəyini vurğulayıb: “İnanıram ki, azarkeşlərimiz stadionu dolduracaqlar. Arenanı dolu görmək bizim ən böyük arzularımızdan biridir. Əlbəttə, onları qəbul etməyə hazırıq”.

Bəzi əhəmiyyətli oyunlara azarkeşlərin cəlb edilməsi məqsədi ilə uduşlu lotereya keçirilir. Bununla xüsusilə də kubok oyununun finalında tez-tez rastlaşmaq mümkündür. Elə “Gəncə”nin prezidenti də uduşlu lotereyanın keçirilməsinin planlarında olduğunu bildirib: “Bununla bağlı planımız var. Ancaq hələ istifadə etməmişik. Ola bilsin, “Neftçi” ilə kubok oyununda bunu tətbiq edək. Uduşa kompüter, televizor, DVD kimi məişət əşyaları ilə yanaşı, avtomobil də qoymaq istəyirik. Amma bu hələ plan şəklindədir”.