Maradona əsri yarıladı
30.10.2010 - 09:57
Maradona əsri yarıladı
Bu gün futbol tarixində əlamətdar gündür. Apasport.az saytının məlumatına görə, futbolun canlı əfsanəsi Dieqo Armando Maradona 50 yaşını qeyd edir. O, 1960-cı il oktyabrın 30-da anadan olub.

Futbol tarixinin ən yaxşı oyunçularından biri sayılan Maradona idmanın bu növünə uşaq yaşlarından həvəs göstərib və 9 yaşında “Estrella Roja”da oynamağa başlayıb. Uşaqlıq illərində “Los Cebollitas” (1970-1974) və “Argentinos Xuniors” (1975) top qovan Maradona peşəkar karyerasına da məhz bu klubdan başlayıb. 1 il “Argentinos Xuniors”un gənclərdən ibarət komandasında oynayan gələcəyin ulduzu daha sonra əsas komandaya çağırılır.

5 il burada oynayan futbolçu 1981-ci ildə “Boka Xuniors”a transfer olunur. 1 mövsüm də burada çıxış edən Maradonanın daha sonra Avropa macəraları başlayıb. O, “köhnə qitədə” “Barselona” (1982-1984), “Napoli” (1984-1991) və “Sevilya” (1992-1993) kimi tanınmış komandalarda uğurlu mövsüm keçirir. Lakin narkotika istifadəçisinə çevrilən futbolçunun oyununda eniş hiss olunur və o Avropanı tab gətirə bilmir. Maradona karyerasının son illərini öz ölkəsində “Nevills Old Boys” (1993-1994) və “Boka Xuniors” (1995-1997) komandalarında keçirib.

Maradonanın ən böyük uğuru 1986-cı ilə təsadüf edib. Həmin ildə Argentina yığmasının heyətində dünya çempionu adını qazanan futbolçu həmçinin adını tarixə də qızıl hərflərlə yazdırıb. O, İngiltərə ilə oyunda əli ilə topu qapıdan keçirərək “Tanrının Əli” ləqəbinə yiyələnib. Müxtəlif illərdə Argentinanın və dünyanın ən yaxşısı seçilib. Argentina, İtaliya və İspaniyada bir çox titullara yiyələnib. 1984-1991-ci illərdə “Napoli”də çıxış etdiyi zaman komandanı tək arxasınca aparmasına görə isə İtaliyada həmişə xatırlanır. O, klub karyerasında 494 oyuna çıxıb və 258 dəfə fərqlənib. Argentina yığmasında isə 91 görüş keçirən Maradona 34 dəfə rəqib qapıçıları məyus edib.

Futbolun canlı əfsanəsi 1994-cü ildən özünü məşqçilikdə də sınayıb. Lakin “Mandiyu de Korrentes” (1994) və “Rasinq Klub”da (1995) onun fəaliyyəti uğurlu olmadığında məşqçiliyi qısamüddətli olub. Yenidən baş məşqçiliyə dönüşü isə daha əlamətdar olub. Bu dəfə ona Argentina milli komandası həvalə olunub. 2008-ci ildə baş məşqçi postuna gətirilən Maradona doğma komandasını final mərhələsinə yüksəldib. Lakin 1/4 finala kimi irəliləyən argentinalıların yolunu Almaniya futbolçuları kəsiblər. Onlar Maradonanın yetirmələrinin qapısından 4 cavabsız top keçiriblər. Bundan sonra isə federasiya rəsmilərinin onu postunda saxlayacağı gözlənilsə də, bu baş tutmayıb.