“Futbolçunuz həmişə mənə məsləhət verirdi”
11.11.2010 - 18:07
“Futbolçunuz həmişə mənə məsləhət verirdi”
Çernoqoriya yığmasının futbolçusu, Rusiya Premyer Liqasında mübarizə aparan Nalçikin “Spartak” klubunun müdafiəçisi Miodraq Cudoviçin apasport.az saytına eksklüziv müsahibəsi

- Azərbaycanla yoldaşlıq görüşünə dəvət olunsanız da, milli komandaya gəlməyəcəyiniz bəlli oldu. Bununla belə, yığmamız və oyun haqda fikirlərinizi bilmək maraqlı olardı...
- Komandanızla yoldaşlıq görüşünə dəvət olunmuşam. Gedib, oynamaq istərdim. Ancaq “Spartak” qalmağımla bağlı federasiyamıza rəsmi müraciət etdi. Millimizin baş məşqçisi də razı olduğundan, düşərgəyə yollanmayacağam. Azərbaycan yığmasını isə elə də yaxşı tanımıram. Ancaq son vaxtlar yaxşı nəticələri haqda eşitmişəm. Bilirəm ki, Türkiyə ilə Bakıdakı rəsmi oyunda 1:0 hesabı ilə qələbə qazanmısız. Eşitdiyimə görə, yaxşı oyun göstərmisiniz. Bütün bunları nəzərə alsaq, noyabrın 17-də Podqoritsada Çernoqoriya və Azərbaycan arasında maraqlı oyun olacaq. Fikrimcə, bu, yoldaşlıq görüşü olsa belə, yaxşı, baxımlı oyun alınacaq.

- Bəs azərbaycanlı futbolçulardan kimisə tanıyırsınız?
- Dayanın, “Anji”də bir futbolçunuz oynayırdı?

- Bəli.
- Onun adı, soyadı necədir?

- Mahir Şükürov.
- Hə-hə, yalnız onu tanıyıram, qalanlarını yox. Yəqin ki, hamısı Azərbaycan çempionatında oynayırlar.

- Niyə ki? Milli komandamızın kapitanı Rəşad Sadıqov Türkiyədə oynayır. Özü də Türkiyə ilə oyunda qələbə topunun müəllifi oldu.
- Aha. O, hansı klubda oynayır?

- Superliqada mübarizə aparan “Əskişəhərspor” klubunda.
- ...

- Mahirlə Rusiya Premyer Liqasında görüş yadınızda necə qalıb?
- “Anji” ilə ilk turda görüşmüşdük. Səfərdə keçirdiyimiz oyun 0:0 hesabı ilə nəticələnmişdi. Ancaq Mahirin həmin görüşdə iştirak edib-etmədiyimi yadımda deyil...

- Şükürov Mahaçqalada baş tutan həmin matçda 90 dəqiqə oynayıb.
- Ola bilər. Bu, yadımda qalmayıb.

- Azərbaycan yığması Serbiya və Çernoqoriya ilə keçirdiyi hər iki görüşdə tarixi nəticəyə imza atıb. Podqoritsadakı oyun 2:2 hesabı ilə nəticələndi, Bakıda isə 2:1 hesabı ilə qalib gəldik.
- Yadımdadır. Mən hətta 2003-cü ilin fevralında Podqoritsada keçirilən oyuna da baxmışam. 2:2 hesabı ilə nəticələnən həmin qarşılaşma Serbiya və Çernoqoriya yığması üçün həlledici idi. Həmin vaxt məhz Azərbaycanla görüşdə xal itkiləri nəticəsində Avropa çempionatının final mərhələsinə düşə bilmədik. Onda yığmamızın baş məşqçisi Deyan Saviçeviç indi Çernoqoriya Futbol Federasiyasının prezidentidir.

- Yeri gəlmişkən, Saviçeviç məhz Bakıdakı məğlubiyyətdən sonra istefa verməklə, məşqçilik fəaliyyətinə son qoydu...
- Elədir. Biz hər 2 oyunda hesabda irəlidə olsaq da, sonda üstünlüyümüzü əldən verdik. Yadımdadır, qollardan birini cərimə zərbəsindən vurdunuz. Onda yığmanızda komanda yoldaşım Quliyev oynayırdı, elədir?

- Doğrudur. Kamal Quliyevlə Ukraynanın “Volın” klubunda birgə oynamısınız...
- Digər həmyerliniz Əhmədovu da yaxşı tanıyıram.

- Bu, Tərlan Əhmədovdur. Onunla da “Volın”da komanda yoldaşı olmusunuz.
- Biz 2004-cü ildə bir yerdə oynayırdıq. Quliyevlə Əhmədov yadımda qalıblar. Onlara salamlarımı çatdırın, çünki çoxdandır əlaqə saxlaya bilmirəm.

- Milli komandamızın sabiq üzvlərindən Cahangir Həsənzadə, Samir Əliyev, Fərrux İsmayılov da “Volın”da forma geyiniblər.
- Samirlə Fərrux bir az əvvəl, məndən öncə “Volın”dan getmişdilər. Mən Lutsk klubunda Kamalla Tərlanı gördüm. Onlar Ukraynaya yeni gəldiyim zaman mənə Podqoritsadakı oyunu xatırlatdılar. Dedilər ki, yadındadır, yığmanızla 2:2 oynadıq. Səhv etmirəmsə, 2-ci qolu Quliyev vurmuşdu...

- Xeyr. Kamal qol vurmasa da, Bakıdakı oyunda penalti qazanmışdı.
- Hə, belədir. Quliyev sağ cinah oyunçusu idi. Müdafiə və yarımmüdafiənin sağ cinahında oynaya bilirdi. Bir sözlə, mən onlarla oynamışam. Kamalla Tərlan yaxşı futbolçular idi. Onlardan yaxşı xatirələrim qalıb. Xüsusilə, Əhmədov. Onunla bağlı çox yaxşı təəssüratlarım var. İlk növbədə əla insandır, həmçinin futbolçu. Mənim kimi mərkəz müdafiəçisi idi, təcrübəli futbolçu kimi həmişə mənə öz məsləhətlərini verirdi.

- Həmyerliniz olan, milliləşdirilən serbiyalı futbolçu Branimir Subaşiç də Azərbaycan yığmasında oynayır. Çernoqoriya ilə görüşə də çağırılmışdı. Onu tanıyırsınız?
- Bəli. Ukraynada oynadığım vaxtdan Subaşiç haqda eşitmişəm. Deyəsən, “Krivbass”dan Azərbaycana gəlmişdi.

- Yox, Odessa “Çernomorets”indən...
- Doğrudur. Onu bilirəm ki, əvvəlcə yığmanızda, sonra “Srvena Zvezda”da oynadı.

- Branimir Çernoqoriya yığması ilə oyunda iştirak etməyi çox istəsə də, zədələndiyindən hazırlıqdan kənarda qaldı...
- Ona tezliklə sağalmağı arzulayıram.

- Çernoqoriya cari seçmə mərhələdə yaxşı çıxışına görə ən sürpriz komandadır. Qrupda liderisiniz, nəinki uduzmamısınız, qol da buraxmamısınız. Bu uğurlu çıxışın sirri nədir?
- Bunun xüsusi bir sirri yoxdur. Yığmamızın sabit heyəti var, son 2 ildə eyni heyətlə oynayırıq. Artıq oturuşmuş heyətimiz var və məhz kollektiv oyun – həm müdafiədə, həm də hücumda – hesabına nəticə qazandıq, İngiltərə kimi rəqiblə səfərdə qolsuz bərabərliyə qaldıq.

- Komandanız qarşıdakı oyunun favoritidir. Yəqin ki, yığmamıza qalib gələcəyinizi düşünürsünüz?
- Deyə bilmərəm. Hesab edirəm ki, evdə oynadığımızdan favoritik. Çalışacağıq ki, qalib gələk. Ancaq bu, asan olmayacaq.

Mehman SÜLEYMANOV