Əfran İsmayılov: Onların razılığını almalıyam
12.11.2010 - 00:04
Əfran İsmayılov: Onların razılığını almalıyam
“Hər şey qaydasındadır. Düzdür, fərdi şəkildə məşq edirəm. Amma komanda ilə birgə də çalışa bilərəm. Sadəcə, həkimlər icazə vermirlər”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ” klubunun yarımmüdafiəçisi Əfran İsmayılov deyib.

Mövsümün əvvəlində ciddi zədə alan 22 yaşlı futbolçu yaşıl meydana dönməyə hazırlaşır. Türkiyəli həkimlərin verdiyi proqram əsasında hazırlıq keçən futbolçu özünü gümrah hiss etdiyini deyib: “Səbirsizliklə geri dönməyi düşünürəm. Ola bilsin, yaxın günlərdə 1-2 günlük Türkiyəyə gedim”.

Şənbə günü “Qarabağ” “Bakı” ilə qarşılaşacaq. Oyun öncəsi fikrini açıqlayan İsmayılov komandasından ancaq qələbə gözlədiyini deyib: “Bakı” pis günlərini yaşayır. Var gücümüzlə oynamalıyıq ki, ilk “altılığ”a düşək. Qələbələri sıralamağın vaxtıdır. Qoy, güclü olan qalib gəlsin”.

“Transfer pəncərəsi” yaxınlaşdıqca, əksər klubların transfer siyahısında yer alan yarımmüdafiəçi yenə təkliflər yağışına düşüb: “Yerli klublardan təkliflər almışam. Ancaq mənim üçün əsas “Qarabağ”dır. Futbolçu kimi yetişməyimdə bu komandanın əməyi danılmazdır. Onların razılığını almalıyam. Həm də “Qarabağ”da məni narazı salacaq məqamla üzləşəcəyimi də düşünmürəm. Düzdür, futbolçu üçün maddi şərtlər də vacibdir. Hər kəsin olduğu kimi, mənim də yoluna qoymalı olduğum problemlərim var”.