Suares hamıdan öndə
12.11.2010 - 10:58
Suares hamıdan öndə
Milli çempionatlarda ən çox qol vuran futbolçuların siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) planetin ən güclü 60 çempionatında 20 və daha artıq qol vuranların siyahısını müəyyənləşdirib.

2010-cu ildə başa çatan birinciliklərdə buna nail olan 43 futbolçu cədvələ daxil olub. “Ayaks” klubunun heyətində Hollandiya çempionatında 35 qol vuran uruqvaylı Luis Suares siyahının I pilləsində qərarlaşıb. “Barselona” ilə İspaniya çempionatında rəqiblərinin kabusuna çevrilən argentinalı Lionel Messi 34 dəfə fərqlənib. İsveçrənin “Yanq Boyz” klubunda çıxış edən kot d’İvuarlı Seydu Dumbia 30 qola imza atıb.

Orta məhsuldarlığa görə də ilk “üçlük”də dəyişiklik diqqət çəkir. Estoniyanın “Flora” klubunun hücumçusu Şandor Post 18 oyuna 24 qol vurmaqla, orta göstəricidə (1,333) müvafiq olaraq 33 və 35 matç keçirən Suareslə (1,061) Messini (0,971) arxada qoyub.

Qeyd edək ki, 2009-cu ilin yekunlarına görə dünyanın 97-ci çempionatı olan Unibank Premyer Liqası “60-lıq”dan kənar qaldığı üçün bu siyahıda təmsil oluna bilməz.