Reytinqə sözardı, yaxud “Neftçi” “Qarabağ”ı necə keçdi?
27.11.2010 - 13:25
Reytinqə sözardı, yaxud “Neftçi” “Qarabağ”ı necə keçdi?
Noyabrın 26-da Avropa klublarının XXI əsr üçün reytinqini açıqlayan Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) ölkəmizdə müxtəlif fikirlərə səbəb oldu. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionatının dünyada 92-ci olmasını fərqli qəbul edənlər klublarımızın 4-cü “100-lük”də qərarlaşması ilə də razılaşmırlar. Lakin əslində, həm çempionatımızın, həm də komandalarımızın belə yüksək yerlərdə olmasına görə şükür etməliyik. Nəyə görə?

Ona görə ki, bu reytinq son 10 il üçün nəzərdə tutulub. Çempionatı Unibank Premyer Liqasından öndə olan Vyetnam, Liviya və Malayziya tipli futbol səhnəsinin əcaib ölkələri 2001-ci ildən bu yana reytinq toplaya-toplaya gəlirlər. Biz isə onların 10 ilinin qarşısına demək olar ki, 7 illə çıxmışıq.

2002-ci ilin yazından 2003-cü ilin baharınadək olan 1 ildən artıq müddətdə Azərbaycan stadionlarında top səsi eşidilməyib. Bunun üzündən 2002/03 və 2003/04-cü illərdə avrokuboklarda oynamamışıq. Bütün bunlar azmış kimi, həmin – 2002-ci ildəki sükuta qədər futbolumuz da bərbad gündə idi. 2001-ci ilin yayında Uels çempionu “Barri Taun” “Şəmkir”i, Sloveniya “Olimpiya”sı “Şəfa”nı qapazaltı edəndə, də biz yaxşı xallara ümid edə bilməzdik. Bütün bunlar onu göstərir ki, biz 10 ilə, yəni 2001-ci ilin yanvarın 1-dən olan müddətə yox, 2004-cü ilin yayında baş verən futbolumuzdakı canlanmadan sonra reytinqimizə nə isə toplaya bilmişik. Bu qısa müddətə isə Uels və Qazaxıstan kimi ölkələrin 10 ildə qazandığından çoxuna nail olmuşuq. Söhbət həm çempionat, həm də klublardan gedir.

Elə klublarımız da reytinq siyahısında həmin itirilən dövrün əziyyətini çəkirlər. İlk növbədə çempionatımızın 4-cü qrupa aid edilməsinin izahı zəruridir. Hər halda, yalnız “Böyük beşlik” çempionatları (İngiltərə, İspaniya, İtaliya, Almaniya və Fransa), həmçinin Braziliya və Argentinanın I, Hollandiya, Belçika, Portuqaliya kimi ölkələrin II qrupda yer alması çox şeydən xəbər verir. Əgər “İkinci eşelon” təmsilçiləri I qrupa şamil olunmursa, biz nəyə ümid edə bilərik ki? Yəni, IV qrupda olmağımızda qeyri adi nə isə axtarmağa dəyməz.

O ki, qaldı klublarımızın mövqelərinə onların Avropadakı yerlərini xatırladaq. Azərbaycan İFFHS-nın siyahısında 12 klubla təmsil olunur:

314. “Neftçi” – 380,5 xal
339. “Qarabağ” – 357
387. “Bakı” - 318,5
465. “İnter” – 256,5
468. “Xəzər Lənkəran” - 254,5
547. “Karvan” – 203
611. “Turan” – 158
679. “MKT-Araz” - 131,5
719. AZAL – 114
790. “Şəmkir” – 92,5
798. “Kəpəz” – 90,5
845. “Şahdağ” - 76


Çempionatımızın IV qrupda olması o deməkdir ki, klublarımızın əsas xal mənbəyi avrokuboklar ola bilərdi. İntertoto kubokunun belə nəzərə alınmadığı reytinqdə Çempionlar Liqasında (ÇL) qələbə 14, Avroliqada isə 3 xal 7 balla qiymətləndirilir. Təbii ki, heç-heçə də bunun yarısına bərabərdir. “Neftçi”nin “Şiroki Briyeq” (Bosniya və Herseqovina), “Anderlext” (Belçika), iki dəfə “Hafnarfyordur” (İslandiya) üzərindəki qələbələri, Rusiyanın MOİK-i ilə heç-heçə təkcə ÇL-də 63 xal qazanmasına səbəb olub. UEFA kubokundakı “Rid” (Avstriya) üzərində qələbə və “HİT-Qoritsa” (Sloveniya) ilə heç-heçələr isə flaqmana daha 18 xal bəxş edib.

Düzdür, “Qarabağ” avrokuboklarda daha çox xal toplaya bilib. Avroliqada 7 qələbə və 5 heç-heçəni bu dövrdə əldə edən ağdamlılar 114 xal qazanıblar. Lakin daxili arenadakı böyük üstünlük paytaxt təmsilçisini önə çıxarıb. Son 10 ildə “Neftçi”nin çempionatda qazandığı 2 qızıl, 2 gümüş və 2 bürüncün qarşılığında “Qarabağ” yalnız 2 üçüncülüklə kifayətlənib. Bütün bunlar isə reytinqə xallar gətirən qələbə və heç-heçələrin sayəsində olub.

Bu sözləri ölkə kubokuna da şamil etmək olar. Düzdür, ağdamlılar son 10 ildə 2 dəfə kubok qazanıblar. Lakin onlar 6, “Neftçi” 9 dəfə ¼ finalda oynayıb. Bakılılar yarımfinala da daha çox çıxıblar – 5 və 3. Hərəyə 2 dəfə final oynayan komandalardan “Qarabağ” daha çox qalib gəlib. “Neftçi” finallardan birini uduzub. Lakin onlar ümumilikdə daha çox mərhələ adlamağı bacarıblar. Lakin hər 2 klub əsrin əvvəlindəki itirilmiş illərdən şikayətçi ola bilər. Çünki həmin dövrdə hm daxili, həm də avrokubok arenasında yığıla biləcək xallar 2 ən yaxşı komandamızı Avropannın “Top-250”nə, bəlkə də daha yuxarı aparardı.

Siyahıda yer alan digər klublarımıza gəlincə, onlar arasında son 10 ildə avrokuboklarda oynamayanlara da təsadüf olunur. Lakin “Turan”, “Şahdağ” və “Kəpəz” kimi klublar daxili arenada uzun müddət çıxış etməyinin bəhrəsini görüb.