“Qarabağ” 4 il əvvəlki aqibəti yaşadı
07.12.2010 - 18:55
“Qarabağ” 4 il əvvəlki aqibəti yaşadı
Ağdamın “Qarabağ” klubu 4 ildən sonra Azərbaycan kubokunda mübarizəni belə erkən dayandırdı. Apasport.az saytının hesablamalarına görə, ağdamlılar 2006-cı ilin dekabrın əvvəlində də belə aqibəti yaşayaraq, turnirlə 1/8 finalda vidalaşmışdı. Həmin vaxt “Neftçi”yə rəqib olan “Qarabağ” Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda 1:2 hesabı ilə uduzmuş, bir həftə sonra səfərdə, mərkəzi arenada qalib gəlmişdi – 1:0. Ancaq bakılılar rəqib meydanında daha çox qol vurduğundan, mərhələ adlamışdı. Maraqlıdır ki, həmin vaxt “Qarabağ”ı mübarizədən kənarlaşdıran indiki çalışdırıcısı, məşqçi kimi “Neftçi”də debüt edən Qurban Qurbanov idi. Ağdam klubu bundan sonra iki dəfə 1/4 finala kimi irəliləmiş, 2009-cu ildə isə kubokun qalibi olmuşdu.
Qurbanov məşqçi kimi kubokda debütündə “Neftçi”ni yarımfinala çıxara bildi. Həmin vaxt İmişlinin “MKT-Araz” klubu rəqib meydanında vurulan qol (evdə 0:0, səfərdə 1:1) hesabına “ağ-qaralar”ı mübarizədən kənarlaşdırdı. 2007/08 mövsümündə kubokda iştirak etməyən gənc çalışdırıcı 2008-ci ilin avqustunda “Qarabağ”ın sükanı arxasına keçdi. İndiki komandasında debütündə ölkə kubokunu qazanan Qurbanov ötən mövsüm 1/4 finalda “Xəzər Lənkəran”a da səfərdə vurulan qolla uduzdu – Ağdamda 2:1, Lənkəranda 0:1.
Qeyd edək ki, “Qarabağ”ın bu gün NBC Bank Azərbaycan kubokunun 1/8 finalında Tovuzun “Turan” klubu ilə evdə, Suraxanıda keçirdiyi oyun qolsuz bərabərliklə nəticələndi. Qonaqlar oyun sonrası penaltilər seriyasında 4:3 hesabı ilə qalib gələrək, 1/4 finala çıxdı. Bununla da “Qarabağ” “Turan”la 5-ci kubok duelində ilk dəfə yenildi.