“Ümid edirəm ki, “Gəncə” – “Neftçi” oyunu ədalətli prinsiplərlə keçəcək”
07.12.2010 - 18:33
“Ümid edirəm ki, “Gəncə” – “Neftçi” oyunu ədalətli prinsiplərlə keçəcək”
"Gəncədə həmişə "Neftçi"yə böyük hörmətlə yanaşıblar. Hələ SSRİ dövründə flaqman güclülər dəstəsində oynayarkən bu şəhər "Neftçi"yə dəstək olub”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Bakının “Neftçi” klubunun sabiq futbolçusu Asif Əliyev deyib. SSRİ dövründə “ağ-qaralar”da oynayan, müstəqillik vaxtında isə onun məşqçisi olmuş veteran oyunçu Gəncə futbol məktəbinin yetirməsidir. NBC Bank Azərbaycan kubokunun 1/8 finalında sabah keçiriləcək “Gəncə” – “Neftçi” oyunu öncəsi fikirlərini bildirən Əliyev bu komandaların görüşünün futbolumuzun bəzəyi olduğunu bildirib: “Biz özümüz də həmişə Azərbaycanın bir nömrəli komandasında oynamağı arzulamışıq. Gəncə hər zaman Azərbaycan futbolunun məbədi olub. Buradan həmişə texnikalı, ulduz futbolçular çıxıb. "Neftçi"nin heyətində də müxtəlif illərdə Gəncə şəhərindən olan futbolçular məzmunlu oyunları ilə azarkeşlərə sevinc bəxş ediblər. Ümid edirəm ki, dekabrın 8-də baş tutacaq "Gəncə" - "Neftçi" qarşılaşması da ədalətli oyun prinsipləri şəraitində keçəcək. Hər iki komandanın futbolçuları gözəl oyunu ilə futbol həvəskarlarına maraqlı anlar yaşadacaqlar. Çünki hər zaman gəncəli azarkeşlər gözəl futbola dəyər veriblər".

Mənbə: neftchifc.com