Qurban Qurbanov “Qarabağ”ın tarixində 3-cü oldu
08.12.2010 - 11:16
Qurban Qurbanov “Qarabağ”ın tarixində 3-cü oldu
Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov komandanın tarixinə düşüb. Apasport.az saytının hesablamalarına görə, Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Turan”la qarşılaşmasında 100-cü dəfə komandanın “sükanı arxasında” olan 38 yaşlı mütəxəssis bunu bacaran 3-cü məşqçi olub. Belə ki, 1987-ci ildə yaradılan Ağdam klubunun 23 illik tarixi ərzində yalnız 2 mütəxəssis komandanı 100-dən artıq oyuna çıxarmışdı. Bunlar Ağasəlim Mircavadov və Elbrus Abbasovdur. “Qarabağ”ın mütləq rekordçusu isə 183 matçda iş başında olan Mircavadovdur. O, komandanı Azərbaycan çempionatında 119, kubokunda 29, avrokuboklarda 2, “Birlik kuboku”nda 3, SSRİ çempionatlarının ikinci dəstəsində isə 30 görüşə çıxarıb.

Qeyd edək ki, Qurbanov 2008-ci ilin avqustundan çalışdırdığı “Qarabağ”la ölkə kuboku və çempionatın bürünc medalını qazanıb.