“Qalatasaray” “transfer bombası”nı partladır
08.12.2010 - 11:47
“Qalatasaray” “transfer bombası”nı partladır
“Qalatasaray” növbəti “transfer bombası”nı partladır. Apasport.az saytının məlumatına görə, “Cim Bom” son Türkiyə çempionu olan “Bursaspor”un hücumçusu Sərcan Yıldırımın keçidini həll edib.

İstanbullular hələ mövsümün əvvəlində Sərcanın transferini bitirmək üçün çox çalışmış, ancaq klubun istədiyi astronomik təzminat ucbatından məqsədinə çatmamışdı. Ancaq gənc ulduzun baş məşqçisi Ərtoğrul Sağlamla problemlər olduğundan, ehtiyatda qalması üzündən getmək istəyir. Türkiyə yığmasının futbolçusuna görə əvvəl 10 milyon avro istəyən “Bursaspor” rəhbərliyi məbləği yarıbayarı azaldıb. Bu da Yıldırımın klubdan ayrılmaq istəyi ilə bağlıdır.

Sərcan özü də “Qalatasaray”ın formasını geyməyi arzulayır. Onun atası da oğlunun “Qalatasaray”lı olduğunu dilə gətirib. “Bursaspor” rəhbərliyini təzminatın məbləğində fikrindən daşındıran “Cim Bom” hücumçunun özü ilə də anlaşmaqla, komanda yoldaşı Volkan Şəni də heyətində görmək istəyir.

Qeyd edək ki, cari mövsümdə “Bursaspor”da ümumilikdə 21 oyun keçirən Sərcan (1127 dəqiqə) 5 qol vurub. İki ay öncə millisinin Bakıda yığmamıza 0:1 hesabı ilə uduzduğu görüşün iştirakçısı olan Yıldırım “Bursaspor”un tarixi qoluna imza atdı. O, bursalıların debüt etdiyi Çempionlar Liqasında evdə ilk qolunun müəllifi oldu. Bununla da Sərcan Şotlandiyanın “Reyncers” klubu ilə görüşdə hesabı bərabərləşdirməklə (1:1), komandasına turnirdə ilk xalı qazandırdı.