Fərid Quliyev: Bu haqda düşünməmişəm
08.12.2010 - 13:59
Fərid Quliyev: Bu haqda düşünməmişəm
“Əvəzedici heyətə göndərilməyə görə gileylənmirəm, hər şey yaxşıdır. Həmişə məşq edirəm, yükləmələr əsas komandadan az deyil. Məşqləri buraxmıram, daim formamı yaxşılaşdırmağa çalışıram”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Bakının “Neftçi” klubunun futbolçusu Fərid Quliyev deyib.

Yığmamızın 24 yaşlı hücumçusu bu ayın 1-də transferə çıxarıldıqdan sonra əvəzedici heyətdə yer alıb. Fərid fiziki hazırlıq planında hər şeyin normal olduğunu bildirib: “Oyun praktikasını isə yığmalıyam. Son vaxtlar “Neftçi”nin əsas komandasında az oynayırdım və bu, yığmada problemlərə gətirib çıxardı. Əvvəlki formamı itirməyin Berti Foqtsun diqqətindən yayınmadı. Ümid edirəm ki, hər şey düzələcək”.

Futbolçu onu “Neftçi”nin əvəzedici komandasında yaxşı qəbul etdiklərini söyləyib: “Baş məşqçi İqor Getman dərhal mənə dedi ki, əvəzedicilərə göndərilməyimə görə narahat olmağa dəyməz. O, hər şeyin uğurlu olacağına, sadəcə, fikirlərini cəmləyib, oynamağın lazım olduğunu dedi. Onun köməkçisi, yığmamızın sabiq futbolçusu Zaur Tağızadə də məni dəstəklədi. O, “transfer pəncərəsi”nin açılması ərəfəsində oyun praktikası ilə təcrübə yığacağımı bildirdi. Hər ikisinə dəstəyə görə minnətdaram, onlar işlərinin əsl peşəkarlarıdır. Növbəti turda rəqibimiz olan “Bakı”nın əvəzediciləri lider olduğundan, onları yenmək həddən artıq çətin olacaq”.

“Neftçi”nin prezidenti Sadıq Sadıqovla görüşünün tarixini dəqiqləşdirməyən Quliyev bunu rəhbərliyin işlərinin çoxluğu ilə əsaslandırıb. O, gedişinin rəsmiləşməsindən sonra digər klubların təkliflərini götür-qoy edəcək: “Prezident daim məşğul olduğundan, görüşümüz haqda hələ söhbət olmayıb. İstənilən halda, yeni komandaya keçidimlə “transfer pəncərəsi”nin açılmamış danışmayacağıq. “Neftçi”nin mənə görə nə qədər kompensasiya istəyəcəyi haqda heç fikirləşməmişəm. Çox istərdim ki, məsələ qarşılıqlı razılıqla həll olunsun. Mən Sadıq Sadıqova hörmət bəsləyirəm və bilirəm ki, o da mənə yaxşı münasibət göstərir. Ona görə məsələnin müsbət həll olunacağına əminəm. Hələ ki heç bir klubdan təklif almamışam. “Neftçi” ilə bağlı məsələ açıq qaldığından, indi buna baxa bilmərəm. Məsələ tam aydınlaşandan sonra gələcək karyeram haqda fikirləşəcəyəm”.

Maraqlıdır, “Neftçi” Fəridi əsas komandaya qaytarmaq istəyinə düşəcəyi halda, qərarı nə olacaq? “Birincisi, heç kim bu haqda mənə müraciət etməyib. İkincisi, mən özüm də bu haqda düşünməmişəm. Nəhayət, dəyişiklik haqda hələ söhbət olmayıb. Təkrar edirəm, gələcək taleyimi hələ müəyyənləşdirməmişəm. İlk növbədə klubun prezidenti ilə görüşmək və onun mövqeyini öyrənmək istəyirəm”.

Mənbə: extratime.az