“Bakı”nın yadigarı 221 gündən sonra qayıtdı - FOTO
08.12.2010 - 15:36
“Bakı”nın yadigarı 221 gündən sonra qayıtdı  - FOTO
“Bakı”nın seneqallı qapıçısı Xalidu Sissoko cari mövsümdə debüt edib. Apasport.az saytının məlumatına görə, 32 yaşlı futbolçu daxili yarışlarda sonuncu dəfə mayın 1-də “Qəbələ” ilə görüşdə oynamışdı.

Premyer Liqanın XXX turunda Qəbələdə keçirilən oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə nəticələnmişdi. Xalidu NBC Bank Azərbaycan kubokunda Salyanın “Muğan” klubu ilə ev oyununda debüt etməklə, 221 gündən sonra meydana qayıtdı. Ancaq bu, Sissokonun həmin müddətdə “Bakı”nın heyətində oynamadığı demək deyil. Məsələ ondadır ki, mövsüm bitəndən sonra komandanın sükanı arxasına keçən Vinfred Şafer Avroliqada Çernoqoriyanın “Buduçnost” klubu hər iki matçda qapını məhz Xaliduya etibar etdi. Onun “Bakı”da sonuncu oyunu iyulun 22-də Podqoritsada 2:1 hesabı ilə qalib gəldikləri görüş oldu.

Almaniyalı mütəxəssis Premyer Liqanın ilk turunda AZAL-la evdə 2:3 hesabı ilə uduzduqları oyunda yığmamızın qapıçısı Aqil Məmmədova şans verdi. Bundan sonra 15 turun hamısında qapıda xorvatiyalı Marko Şarliya dayanıb. O, xeyli vaxt əvəzləyicisi olduğu Sissokonu ötən mövsümün ikinci yarısında əsas heyətdən sıxışdırmışdı. Xalidu üçün “Qəbələ” ilə son iki oyun uğursuz olub. Ötən mövsüm buraxdığı səhvdən sonra əsas heyətdə yerini itirən Sissoko III turda “Qəbələ”yə evdə 2:1 hesabı ilə qalib gəldikləri oyunda rəqibə qeyri-etik jestə görə AFFA-nın İntizam Komitəsi tərəfindən 3 oyunluq cəzalandırılmışdı.

Qeyd edək ki, Sissoko klub “Bakı” adını daşıyandan, 2004-cü ilin yayından onun şərəfini qoruyan yeganə futbolçudur. O, bu müddətdə komanda ilə hərəyə iki dəfə çempionluq və kubok, gümüş və bürünc medal qazanıb.