“Real”ın Azərbaycan kubokundakı davamçısı
08.12.2010 - 16:30
“Real”ın Azərbaycan kubokundakı davamçısı
Azərbaycan kubokunun 2010/11 mövsümü aşağı dəstə təmsilçisi “Abşeron” üçün uğurlu olub. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi ardıcıl ikinci Premyer Liqa təmsilçisini mübarizədən kənarlaşdıraraq, 1/4 finala vəsiqə qazanıb.

MOİK-in ardınca “Simurq”u da məğlub edən Mirbağır İsayevin yetirmələri bununla ölkə kubokunun tarixinə düşüblər. Onlar yarışın 18 illik tarixində 8 ən güclü sırasına çıxan 9-cu aşağı dəstə təmsilçisi olub.

Bunadək “Pambıqçı” (Neftçala) 1992, “Avtomobilçi” 1993, OİK-“Göyəzən” 1993/94, “Səbail” 1994/95, “Xəzər” (Sumqayıt) 1995/96, “Azərsun” 1999/2000, “Real” 2000/01, “Gənclərbirliyi” 2003/04 mövsümündə güclülər dəstəsi klublarına “əlcək” atmışdı.

Sumqayıtlıların 7 il əvvəlki uğurundan sonra aşağı divizion komandaları güclülər önündə aşkar zəif olurdusa, “Abşeron” bu uğursuz seriyaya son qoydu.