Arif Əsədovun “Qızıl dubl” arzusu
09.12.2010 - 12:38
Arif Əsədovun “Qızıl dubl” arzusu
“Kubokun 1/4 finalında "Xəzər Lənkəran"la qarşılaşacağıq. Bu mərhələ iki oyundan ibarətdir. Təbii ki, yeganə hədəfimiz yarımfinala yüksəlməkdir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi” klubunun baş məşqçisi Arif Əsədov deyib.

Klubun rəsmi internet saytına açıqlama verən 40 yaşlı mütəxəssis Azərbaycan kubokunun 1/4 finalı haqda düşünməyin tez olduğunu bildirib: “Lənkəran təmsilçisi ilə görüşə hazırlaşmaq üçün xeyli vaxtımız var, hazırda bu oyunu düşünmürük. İndi bütün diqqətimizi Premyer Liqaya yönəltmişik . Artıq bu gündən "Bakı" ilə növbəti görüşün hazırlıqlarına başlamışıq ".

Unibank Premyer Liqasında liderlik edən bakılıların çalışdırıcısı “Qızıl dubl” arzusunda olduğunu da gizlətməyib: "1/8 finalda “Gəncə" ilə oyunun çətin olacağını bilirdik. Çünki kubokun bu mərhələsi bir oyundan ibarət idi. Həmin matçın evdə yaxşı təsir bağışlayan "Gəncə" ilə olması da yaddan çıxmamalıdır. Rəqib doğma meydanında güclü oyun nümayiş etdirir. Bizim ölkə çempionatında olduğu kimi, kubokda da yeganə hədəfimiz 1-ci olmaqdır”.

Əsədov komandadakı yerli futbolçuların özlərini yaxşı tərəfdən göstərə bilməsindən də məmnundur: "Gəncə" ilə görüşdə meydançaya 7 yerli futbolçu buraxdıq. Əgər vurulan qollara diqqət etsəniz görərsiniz ki, 3 qoldan ikisini gənc futbolçularımız Cavid İmamverdiyevlə Mirhüseyn Seyidov vurub. Bu, bizim vacib matçlarda belə gənclərə necə inandığımızı göstərir. Bir məqamı qeyd etmək yerinə düşər, "Neftçi"də artıq komanda bir mexanizm kimi işləyir. Yəni, bizim oyunumuz hər hansı bir futbolçudan asılı deyil. Mən hər zaman belə sistemin tərəfdarı olmuşam. Bu vəziyyətdə rəqabətdə qalib gələn futbolçu əsas heyətdə oynayır”.