Sxadadze rekordçulara çatdı
09.12.2010 - 15:26
Sxadadze rekordçulara çatdı
Azərbaycan kubokunda 2010/11 mövsümü əcnəbi məşqçilərin rekordu ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, bu dəfə 5 əcnəbi mütəxəssisin rəhbərlik etdiyi klub 1/4 finala yüksəlib. Bunlar “İnter” (Kaxaber Sxadadze), “Qəbələ” (Toni Adams), “Xəzər Lənkəran” (Mirça Rednik), “Bakı” (Vinfred Şafer) və “Turan”dır (Revaz Dzodzuaşvili).

Bir mövsümdə 5 əcnəbi çalışdırıcının 8 ən yaxşı sırasına düşməsinə Azərbaycan kuboku tarixində yalnız 2 dəfə təsadüf olunmuşdu. 2007/08 mövsümündə “Qarabağ” (Rasim Kara), “İnter” (Valentin Xodukin), “Standard” (Kaxaber Sxadadze), “Bakı” (Qyoko Hacıyevski), həmçinin “Neftçi” 1/4 finala legioner mütəxəssislə irəliləmişdi. “Ağ-qaralar 1/8 final səddini Vlastimil Petrjela ilə adlayıb, 1/4 finalda Anatoli Demyanenkoya güvənmişdilər.

Əslində, 2008/09 mövsümündə də indi olduğu kimi, 5 gəlmə məşqçi 1/8 finalı adlaya bilmişdi. Lakin “İnter” (Valentin Xodukin), “Bakı” (Qyoko Hacıyevski), “Simurq” (Roman Pokora) və “Neftçi”dən (Hans Yurgen Gede) fərqli, “Xəzər Lənkəran” 1/4 finala çıxan məşqçisi Rasim Kara ilə yollarını ayırıb.

Qeyd edək ki, 1/4 finala vəsiqə qazanıb, istefaya göndərilən və ya birbaşa 1/4 və ya 1/2 final mərhələsindən mübarizəyə qoşulanları nəzərə alsaq, indiyədək 20 əcnəbi buna nail olub. Bu, cari mövsümün 4 debütantının uğurundan sonra belə yüksək həddə çatıb. Sxadadze isə 3-cü dəfə 1/8 finalı arxada qoymaqla, Kara və Xodukinin rekordunu təkrarlayıb.