Valeri Abramidze: Bu amil bizi revanşa daha da kökləyir
09.12.2010 - 15:39
Valeri Abramidze: Bu amil bizi revanşa daha da kökləyir
“Kubok oyununa ciddi hazırlaşmışdıq. Yaxşı bilirdik ki, rəqibi qiymətləndirməmək olmaz”. Apasport.az-ın məlumatına görə, bu fikirləri gürcüstanlı futbolçu Valeri Abramidze şərəfini qoruduğu Bakının “İnter” klubunun saytına müsahibəsində deyib.

Azərbaycan kubokunun 1/8 finalında səfərdə “Şuşa”nı yenən (4:1) “bankirlər” bu mərhələdə böyük hesablı qələbə qazanan yeganə komanda oldu. Ancaq 1/4 final iştirakçısının dalbadal 3 oyundur qol buraxdığı da qeyd olunmalıdır: “Biz buraxılmış qola 4 qolla cavab verdik. İstənilən halda, qol buraxıb daha çox qol vurmaq yaxşıdır, nəinki 0:0 hesablı nəticəyə razılaşmaq. Əsas odur ki, müsbət nəticə əldə edəsən. “Şuşa” ilə oyunda erkən qol vurduq, sonra hesabdakı üstünlüyü artırdıq, vəziyyətə nəzarət etdik”.

Növbəti mərhələdə də I divizion təmsilçisi ilə görüşəcək son çempion bu dəfə lider “Abşeron”la iki oyunla çıxacaq. Abramidze rəqibin fərqinə varmadıqlarını söyləyib: “Bizim üçün hansı komanda ilə oynayacağımızın fərqi yoxdur. Mövsümün əvvəlində qarşımıza çempionat və kubok oyunlarında uğurlu çıxış etmək tapşırığı qoyulmuşdu. Odur ki, biz rəqiblərə fikir vermədən, bu məqsədlərə doğru irəliləyəcəyik”.

“İnter” Premyer Liqanın növbəti turunda cari mövsümdə ən böyük hesabla yenildiyi AZAL-ı qonaq edəcək. Valeri şənbə günü keçiriləcək görüşə revanş kimi baxır: “Birinci dövrədə 5:0 hesablı böyük məğlubiyyətə uğramışdıq. Bu amil bizi revanşa daha da kökləyir. Bu, bizim üçün əlavə motivasiyadır. Meydana qalib gəlmək üçün çıxacağıq”.