168-ci futbolçu, maraqlı debüt
11.08.2011 - 11:20
168-ci futbolçu, maraqlı debüt
Ufuk Budak Azərbaycan yığmasının heyətində meydana çıxan 168-ci futbolçu oldu. Apasport.az saytının məlumatına görə, milliləşdirilən gənc türkiyəli sol cinah oyunçusunun debütü Makedoniya millisi ilə “Dalğa Arena”da dünənki yoldaşlıq görüşündə (0:1) reallaşdı.

Ufuk millimizin yeni stadionundakı ilk oyununun iştirakçısı olmaqla, futbol tariximizə düşdü. O, 2-ci hissədə Əfran İsmayılovun yerinə meydana daxil oldu və yarımmüdafiənin sol cinahında yer aldı.

Öncə 21 yaşlılardan ibarət yığmamıza (U-21) çağırılan solaxay futbolçu mayda Moldova ilə Lənkərandakı yoldaşlıq görüşündə forma geyindi. Budak həmin matçda oyunu izləyən milli komandamızın baş məşqçisi Berti Foqtsun diqqətini çəkdi. Almaniyalı çalışdırıcı U-21-in bu ayın əvvəlində Bakıdakı təlim-məşq toplanışına çağırılan Budakı əsas komandaya dəvət etdi və ardından onun adını Makedoniya ilə oyuna açıqladığı heyətə saldı. Foqts böyük ümidlər bəslədiyi Budakla yığmamızdakı sol cinah problemini həll etmək istəyir.

Ufukun millimizdəki debütü bir sıra maraqlı məqamlarla əlamətdar oldu. Əvvəla, o, əsas yığmamızın heyətində meydana çıxan ilk türkiyəli oldu. Yəni, indiyədək millimizdə bir sıra ölkələrdən legionerlər çıxış etsə də, onlar arasında qardaş ölkə təmsilçisi olmamışdı.

Bundan əlavə, Budakın Almaniyanın “Frayburq” klubunun oyunçusu olmağı da diqqəti çəkir. Məsələ ondadır ki, indiyədək yığmamıza Bundesliqadan futbolçu gəlməyib.

Almaniyada oynayan yeganə futbolçumuz İlham Məmmədov olsa da, karyerasını aşağı liqada davam etdirməsinə baxmayaraq artıq milli komandamıza cəlb olunmurdu.

Qeyd edək ki, Budaka qədər millimizdə debüt edən son futbolçu Arif İsayev olub. “Qəbələ”nin yarımmüdafiəçisi bu ilin fevralın 9-da Macarıstan yığması ilə Dubaydakı yoldaşlıq görüşünün (0:2) 2-ci hissəsində oyuna girib.

Mehman SÜLEYMANOV