Millimizin baş məşqçisi ümidini itirmir
11.08.2011 - 11:39
Millimizin baş məşqçisi ümidini itirmir
“Komandaya inamım böyükdür. Əsas yığma üçün layiqli boksçular yetişir”. Bunu apasport.az saytına açıqlamasında boks üzrə gənclərdən ibarət Azərbaycan milli komandasının baş məşqçisi Şamil Əlimcanov deyib.

Təcrübəli mütəxəssis avqustun 21-28-də İrlandiyanın paytaxtı Dublində keçiriləcək Avropa çempionatından uğurla qayıdacaqlarına inanır. Əlimcanov proqnoz verməkdə çətinlik çəksə də, mötəbər yarışda medalların sayının çox olacağına əmindir: “Hazırda Bakıda təlim-məşq toplanışını davam etdiririk. Uşaqlar öz üzərilərində səylə çalışırlar. Bunun bəhrəsini Avropa çempionatında görəcəyik. Konkret medallara gəlincə, bunu əvvəlcədən demək çətindir. Lakin onların sayı çox olacaq. Milli komandanın hər bir üzvünə böyük ümid bəsləyirəm. Nə qədər çox medal qazansaq, bu daha yaxşıdır”.

Qeyd edək ki, yığmamız Avropa çempionatında tam heyətlə (10 çəki dərəcəsində) təmsil olunacaq.