Bir məşhurun Bakı macəraları, yaxud Pandev 10 il əvvəlki qisasını aldı
11.08.2011 - 11:57
Bir məşhurun Bakı macəraları, yaxud Pandev 10 il əvvəlki qisasını aldı
Makedoniya yığmasının kapitanı Goran Pandev Azərbaycanda 10 il əvvəl aldığı məğlubiyyətin əvəzini çıxdı. Apasport.az saytının məlumatına görə, “İnter”in (İtaliya) hücumçusu hələ 18 yaşı olarkən Bakıda uduzmuşdu. Bu, 21 yaşlardan ibarət yığmalar arasında (U-21) Avropa çempionatının seçmə mərhələsi çərçivəsində 2001-ci ilin sentyabrın 4-də İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçirilən görüş idi. Millimiz Pandevin də heyətində yer aldığı Makedoniyaya yarımmüdafiəçi Ramal Hüseynovun vurduğu qolla qalib gəlmişdi - 1:0.

Bu qələbənin əhəmiyyəti illər keçdikcə artdı. Çünki U-21-miz bundan sonra düz 10 il rəsmi oyunlarda heç cür qalib gəlmirdi və bu uğursuzluq sindromuna, nəhayət ötən il son qoya bildi. Makedoniyalılar həmin seçmə mərhələdə bizə evdə də uduzaraq, acınacaqlı halına üzülmüşdü. Hücumçumuz Samir Əliyevin dublu ilə 2:1 hesabı ilə qalib gəldiyimiz səfər oyununun təsadüf etdiyi həmin seçmə mərhələ gənclər yığmamızın tarixində ən uğurlu dövr olub.

Pandev əsas yığmanın heyətində bizə qarşı ilk oyununu hələ ötən il mayın 29-da Avstriyada etməli idi. Hər halda, 28 yaşlı hücumçunun millisinin təlim-məşq toplanışına çağırılması nəzərə tutulsa da, sonradan heyətdə çıxarıldı. Rəqibin həmin vaxt baş məşqçisi olan Mirsad Yonuz “İnter”in heyətində mövsümü 3 titulla başa vuran – İtaliya çempionluğu, kuboku və Çempionlar Liqasını qazanan Qorana ağır mövsümdən sonra istirahət verməyi üstün tutdu.

Belə olan halda, Pandev Azərbaycanla 2-ci görüşü, Bakıya növbəti səfəri üçün daha bir müddət gözləməli oldu. Bu, millimizin Mərdəkan qəsəbəsində “Dalğa Arena”da ilk oyunu idi.

Tale elə gətirdi ki, məhz Qoran bu stadionda əsas yığmalar səviyyəsində oyunda vurulan ilk qolun müəllifi kimi tarixə düşdü və görüşün qəhrəmanı oldu. Onun 58-ci dəqiqədə vurduğu qol matçın taleyini həll etdi. Hücumçu autdan başlayan hücumdan sonra ustalığını nümayiş etdirərək, topu bir toxunuşla uzaq küncə yönəltdi.

Düzdür, Pandev ilk hissədə antiqəhrəman oldu və 43-cü dəqiqədə idmançıya yaraşmayan hərəkətə görə sarı vərəqə ilə cəzalandı. Əslində, belaruslu baş hakim Aleksey Kulbakov oyunun rəsmi matç olmadığını nəzərə alaraq, bu epizodda tanınmış futbolçunu bağışladı. Çünki Qoran onu meydanda qarabaqara izləyən müdafiəçimiz Vurğun Hüseynovun sərt oyununa sonda dözməyərək, onun sifətinə zərbə vurdu. Buna görə isə makedoniyalıya sarı yox, birbaşa qırmızı vərəqə göstərilə bilərdi. Üstəlik, Pandevin kapitan olmağı ona hərəkətinə heç cür haqq qazandırmır.

Qoran 10 il öncə paytaxtımızda uduzduğu oyunda iştirak edən yalnız bir futbolçumuzla yenidən görüşdü. Bu, millimizin lideri, həmin vaxt U-21-də oynayan Rəşad Sadıqovdur. Rəşadın müdafiəçi, Qoranın hücumçu olmağı onların meydanda tez-tez üzləşməyinə səbəb olurdu. Özü də Sadıqov millimizdə, məşhur həmkarı isə öz yığmasında kapitan sarğısını daşıyır və liderlər hələ start fitindən öncə görüşüb, bir-birinin əlini sıxdılar. Qoran vurduğu qolda Rəşad onun zərbəsinin qarşısını yıxılaraq almağa çalışsa da,buna nail olmadı.

Göründüyü kimi, Pandevin Bakıdakı oyunlarında 1:0 hesabı qeydə alınır. Fərq ondadır ki, hücumçu birində bu hesabla məğlubiyyətə üzülmüşdüsə, digərində qələbəyə sevindi. Özü də bunlar Bakıdakı qəsəbə stadionlarında - əvvəl Bakıxanovda, indi Mərdəkanda baş verir.

Qeyd edək ki, Qoranın kiçik qardaşı Saşkoya Azərbaycan daha yaxşı tanışdır. 24 yaşlı yarımmüdafiəçi son 1 ili Salyanın “Muğan” klubunda keçirdi və ötən mövsüm bitəndən sonra ölkəmizdəki karyerası bitirdi.

Mehman SÜLEYMANOV