“Ən böyük arzum oğlumun tez sağalmasıdır”
25.10.2011 - 23:02
“Ən böyük arzum oğlumun tez sağalmasıdır”
Azərbaycan yığmasının və Ağdamın “Qarabağ” klubunun sabiq kapitanı Aslan Kərimovun apasport.az saytına müsahibəsi

- Bir sənətlə 20 il məşğul olmaq, hamıya nəsib olan iş deyil. Aslan Kərimov bunu necə bacardı?
- Mən futbolu sevdim və bu yolun bütün çətinliklərinə baxmayaraq, irəlilədim. Sözsüz ki, bu mənim əsas işim, peşəmdir. Bundan sonra çətin ki, hər hansı bir işə bu qədər zaman xərcləyəm. Bəlkə də hansısa işin qulpundan yapışmaq olar, amma bunu tam həyata keçirməyə, insan ömrü çatmaz. Etiraf etməliyəm ki, mənim futboldan başqa sahələrə də marağım olub. Həkim olmaq istəyirdim, anatomiya ilə maraqlandırdım. Lakin tale məni futbola gətirdi.

- Azərbaycanda fikrini səlis şəkildə ifadə edən çox az sayda futbolçu var. Maraqlıdır, sizin belə elmi cümlələrlə danışmağınız haradan qaynaqlanır?
- Bilirsiniz, uşaq vaxtı çox şeyə maraq göstərmişəm. Bəlkə də, bu uşaqlıq sevdası olub. Musiqi ilə peşəkar səviyyədə məşğul olmuşam və musiqi məktəbini 5 qiyməti ilə bitirmişəm. Tarda ifa edirdim. Hətta konsertlərdə və televiziyada da çıxış etmişəm. Məktəbdə bizə təkcə ifanı deyil, onun metodikasını öyrədirdilər. Söhbət hər hansı bir dərnəkdən deyil, sırf tarda ifa etmək mənə zövq verirdi. Amma sonradan oyunlar, səfərlər çoxaldı. Bu işlə demək olar ki, maraqlanmadım. Odur ki, yaddan çıxardım. Zarafat deyil, musiqi məktəbini bitirdiyim vaxtdan artıq 30 ilə yaxın keçir. 30 ilə çox şey dəyişir.

- Bildiyimizə görə, kitab həvəskarısınız. Əsasən hansı üslubda yazılan əsərləri xoşlayırsınız?
- Oxumaq yaxşıdır. Bəli, bu, mənim hobbimdir. İşimizlə əlaqədar olaraq, tez-tez səfərlərə gedirik. Əlbəttə ki, səfərdə elə topla yatıb, topla durmursan. Boş vaxtların olur. Həmin vaxtı dəyərləndirmək lazımdır. Mən də səfər vaxtları daha çox kitab və jurnallar oxuyuram. Maşın hissələrindən bəhs edən jurnallara və detektiv əsərlərə çox üstünlük verirəm. Kitab insana səlis danışmağı öyrədir.

- Daha çox dil bilmək insan üçün üstünlük sayılır. Siz Azərbaycan dilindən başqa hansı dildə danışmağı bacarırsınız?
- Gəldik mənim ən yaralı yerimə. Əcnəbi dil bilmədiyimə görə, özümü günahkar sayıram. Ümumiyyətlə, insan istədiyi bir şeyə çata bilmirsə, deməli birinci günah özündədir. Düzdür, mən əsas əcnəbi dil sayılan ingilis dilində dərdimi anlada bilirəm. Hara gedirəm, haradan gəlirəm, su istəyə bilirəm, amma kimisə tam başa salacaq səviyyədə danışmaqda çətinlik çəkirəm. Amma rus dilini yaxın bilirəm. Sözsüz, dil öyrənmək heç vaxt gec deyil. Nə 40 yaşında, nə də 90 yaşında. Bir məqam var ki, öyrəndiyindən nə qədər istifadə edirsən. Əgər mən gənc vaxtı dil öyrənsəydim, sözsüz ki, indi belə çətinliklərlə üzləşməzdim, malik olduğum şeydən daha çox yararlanardım. Amma qismətdən də artıq yemək olmur.

- Uzun müddət milli komandanın və iddialı klubların formasını geyinmisiniz. Adətən belə imkana malik olan futbolçular oynadıqları zaman, eləcə də futbolla vidalaşdıqdan sonra bizneslə məşğul olurlar. Sizin belə əlavə gəlir sahəniz varmı?
- Mən biznes qurmamışdım. Sadəcə, bir yer götürmüşdüm. Onu inkişaf etdirmək mənə nəsib olmadı. Əksinə, bir qədər pul da itirdim. Sonradan qərara aldım ki, bütün məşğuliyyətimi futbolla əlaqədar qurum.

- Maraqlıdır, sərmayəni hansı sahəyə yatırmışdınız?
- Sözün açığı, buna biznes demək olmazdı. Sadəcə, bir yer götürmüşdük, pul xərcləmişdim. İstədim ki, həmin yeri gələcəkdə böyük obyektə çevirim. Amma həmin işlə məşğul olmağa vaxt ayıra bilmədim. İşi başqasına tapşırdım. Güvəndiyim adamlar isə necə deyərlər, məni pis vəziyyətdə qoydular. Sərmayə qoyduğum işdə iflas oldum.

- Təqribən nə qədər ziyana düşdünüz?
- Bu hadisəni unutmaq arzusundayam. Odur ki, geniş danışmaq istəmirəm. Olan oldu, keçən keçdi. Əsas odur ki, ayaqdayam, sizinlə danışıram. Allahın bu gününə də şükür edib, irəli baxmaq lazımdır.

- Bildiyimizə görə, ailədə sizin yolunuzu davam etdirən yoxdur...
- Düzdür, ailədə heç kim futbolla məşğul olmur.

- Nə qədər ağır olsa da, bu məsələyə toxunmalıyam. 2 övladınızdan birinin, oğlunuzun yeriməklə bağlı problemi vardı. Vəziyyət indi necədir?
- (duruxur). Bəli, onun yeriməklə bağlı problemi var. Bu xəstəliyə uşaq iflici deyilir. Bildiyimə görə, uşaqlarda belə xəstəliyə və problemə çox tez-tez rast gəlinir. Allah bilən məsləhətdir. Xəstəlik və çatışmazlıq elə şeydir ki, heç kim bundan sığortalanmayıb. Allaha şükür ki, fiziki və əqli cəhətdən heç bir problemi yoxdur. Normal uşaqlar kimi dərsə gedir, oxuyur.

- Məktəbə özü sərbəst şəkildə gedə bilirmi?
- Artıq 10 yaşı var. Yavaş-yavaş həyatı dərk edir. Onda hərtərəfli inkişaf var. Dərslərini oxuyur, tapşırıqları edir. Sadəcə, ayaqları bir az sözünə baxmır. Ən böyük arzum oğlumun daha tez sağalmasıdır. Hələ özü məktəbə getmək iqtidarında, uzun müddət yerimək gücündə deyil. Odur ki, ona məktəbə getməkdə köməklik göstərirlər. Bu işlə daha çox anası məşğul olur, onun üzərinə daha çox yük düşür.

- Oğlunuz bu problemlə nə vaxta qədər mübarizə aparacaq. Həkimlərin rəyi necədir?
- Sözsüz ki, mən də istərdim ki, oğlum daha tez sağalsın. Amma bu elə bir xəstəlikdir ki, keçməsi üçün bir qədər uzun zamana ehtiyac var. Onun sağalması üçün əlimdən gələnin ən yaxşısını edirəm. Çalışıram ki, kimdənsə geridə olduğunu hiss etməsin, həyatı sevsin. Onu müalicə üçün İran və Rusiyaya aparmışıq. Əvvəlcə əməliyyat elətdirmək istədik, sonra məlum oldu ki, bunun xeyrindən çox ziyanı ola bilər. Belə ki. əməliyyat nəticəsində yerimə prosesi sürətlənəcəkdisə, bu iş onun əqli inkişafına mənfi təsir göstərəcəkdi.

- Bəs çıxış yolu nədir?
- Düzü, hara apardıqsa, həkimlər bir söz dedilər. Bu iş ancaq məşq etmək, xüsusi gücləndirici aparatlardan yararlanmaq yolu ilə həll oluna bilər. Biz onların dediyini edirik. Əvvəlki illərlə müqayisədə inkişaf var.

- Özünüz daim hərəkətdə, 90 dəqiqə ora-bura qaçan adamsınız. Övladınız isə yeriməyə belə çətinlik çəkir. Sizcə, Allah bu təzadla sizi sınağa çəkmirmi?
- Hər şey ola bilər. Amma bu işdə artıq mən hər bir cüzi irəliləyişi qənimət hesab edirəm. Düşünürəm ki, yalnız gələcəyə nikbin baxmaq, çalışmaq yolu ilə uşağı cəmiyyətə qazandıra bilərəm. Fikrimcə, ağlamaqla, başıma döyməklə heç bir şeyə nail olmaq mümkün deyil. Nəsə narazılıq etmək fikrim yoxdur. Çünki bizdən pis vəziyyətdə olanlar da var.

- Oğlunuzun artıq 10 yaşında olduğunu, əqli cəhətdən inkişaf etdiyini nəzərə alsaq, sizə suallar verdiyinə şübhə qalmır. Maraqlıdır, o soruşubmu ki, niyə topla oynaya, qaça bilmir?
- Sözsüz, mənim üçün bu olduqca ağırdır. Uşaq hələ ki, belə suallar vermir. Belə danışmır. Yəqin ki, hələ bunu dərk etmir. Sözsüz, o, mənim bir futbol adamı olduğumu bilir. Bəlkə də gələcəkdə bu sual onu düşündürəcək. Kim bilir, bəlkə o həmin sualı mənə yox, sırf özünə verəcək. Düşünəcək ki, vaxtilə mən niyə topla oynamamışam? İndiki vəziyyətə baxmayaraq, gələcəyə ümidimi itirmirəm. Allahın köməkliyi ilə irəliləyiş var. İnşallah, bir gün qaçar da.