Xəqani Məmmədovun “Qəbələ simfoniyası”
21.11.2011 - 00:01
Hələ yayda məşhur amerikalı cazmen, 7 dəfə “ Qremmi” mükafatı almış Al Ceronun səhhəti ilə əlaqədar Qəbələ II Beynəlxalq Musiqi Festivalına gələ bilmədiyini eşidəndə çox üzülmüşdüm. O qədər ki, həmin festivalda hətta Böyük Britaniyanın Kral Flarmonik Orkestrinin çıxışını dinləyəndə belə üzüntüm keçməmişdi.
Al Ceronun Qəbələyə gələ bilməməyinə nəinki mən, dövlət səviyyəsində yüksək ranqlı məmurlarımız belə üzüntüsünü dilə gətirib heyfsilənmişdi. Amma heç kəs düşünməmişdi ki, son vaxtlar böyük inkişaf yolu keçən Qəbələdə ən böyük caz musiqisini də, simfoniyasını da Al Cero yox, Xəqani Məmmədovun yetirməsi Ramil Diniyev ifa edəcək. Xəqani Məmmədov kənardan əlinə çubuq alıb rəhmətlik Niyazinin belə həsəd apara biləcəyi tərzdə dirijorluq edir, “ Qəbələ” – “ Neftçi” matçının hakimi Ramil Diniyev isə saksofonda hey çalırdı.
Ətrafına, yan-yörəsinə baxmadan, dirijoru Xəqani Məmmədovun əlində tutub televiziyaların pilləkənlərini “yara” etdiyi “FİFA-nın oyun qaydaları” kitabının müddəalarına tüpürə-tüpürə çalırdı. Al Ceronu neynirik ki, Ramil Diniyevin ifası yaxınlıqdakı dağlara yayılır, televiziya qarşısında oturan hər kəs, oyunu izləyən minlərlə insan Diniyevin ifasına heyran qalırdı. Amma hələ ki, həmkarı Elnur Muradov kimi çaldığı ifa bütün Avropaya yayılmayıb.
Qəbələdə də interneti azacıq anlayan lənkəranlı fanatlar kimi güclü azarkeşlər olsa, bu oyundakı hakim biabırçılığını Avropa mediasına ötürər və Diniyev də Elnur Muradov kimi məşhurlaşardı.
Daha bundan sonra Avropanın ən məşhur musiqi salonlarında Al Ceroya, ABŞ, İtaliya kimi ölkələrin cazmen və simfonik orkestrlərinə kimsə qulaq asmayacaq. Hamı Xəqani Məmmədov və onun simfonik orkestrini tələb edəcək. Ramillər, Elnurlar, Elçinlər çıxıb saksofonda elə ifa edəcəklər ki, hamı onları ayaq üstə alqışlayacaq. Çünki onların çaldığına söhbət yoxdur. Bir ölkədə futbolun inkişafının qarşısını almaq üçün heç kəs bu qədər maraqlı simfoniya yaza bilməz. Heç kəs Xəqani Məmmədov kimi “tüpürüm qanunlara da, qaydalara da” – deyib, istədiyi havanı çaldıra bilməz. Bizdə notlar bir neçə günə yox, cəmi 90 dəqiqəyə yazılır. Ən maraqlısı isə sifariş yalnız bir yerdən gəlir. Nə fərqi var haradan - Səudiyyə Ərəbistanından yoxsa Bakıdan?
“Ağ-qara” notlarda Xəqani Məmmədov hələ çox simfoniya yazacaq. Çünki onun yazdığı simfoniyaları “şefi” də bəyənir. Onu alqışlayanlar da kimsəyə baxmır, nə bu ölkənin futbol meydanlarında digər futbolçuların axıtdıqları tər, klub sahiblərinin xərclədiyi qalaq-qalaq pullar kimsəyə gərək deyil. Ən vacib məsələ “ağ-qara” notların düzgün və dəqiq çalınmasıdır. Çünki sonda musiqini, xüsusilə Xəqani Məmmədovun yazdığı simfoniyaları çox sevən Ramin Musayev podiuma çıxacaq və əlindəki qızıl medalları “ağ-qara” notların boynundan asacaq. Nə gözəldir musiqi!
Hüseyn CƏBRAYILOĞLU
apasport.az üçün

0
0