Yerindən tərpənməyən yerli məşqçilər: Bahalı Avropa bazarında onlara yer yoxdu
23.11.2011 - 00:04
Yerindən tərpənməyən yerli məşqçilər: Bahalı Avropa bazarında onlara yer yoxdu
Hazırda ölkə futbol arenasında kifayət qədər işsiz məşqçi var və onların adı mütamadi olaraq həm milli komanda, həm də elita təmsilçiləri ilə birgə çəkilir. Amma nədənsə işsiz mütəxəssislərin nədən ölkə xaricinə çıxa bilməməsi müzakirə olunmur.

Əslində, bunun səbəbini anlamaq çətin deyil. Etiraf etməliyik ki, futbolumuzun keyfiyyəti aşağı olan məhsullarına bahalı Avropa bazarında yer yoxdu. Əgər ölkənin tanınmış futbol mütəxəssisləri ölkə daxilində iş yeri tapmırsa, onda onun legioner perspektivindən danışmağa dəyməz. Düzdü, hazırda "Anji"də böyük məşqçi kimi çalışan Vaqif Sadıqov xaricdə Azərbaycanı təmsil edir. Amma müxtəlif vaxtlarda ölkə hüdudlarından kənarda çalışmış İqor Ponomoryov, Şahin Diniyev, Nazim Süleymanov, Asəf Namazov, Böyükağa Hacıyev, Ramiz Məmmədov kimi mütəxəssislərin fiaskoya bənzər dönüşləri yerli məşqçilərdən kiminsə ölkə xaricində uğurlu karyera quracağına olan inamımızı çoxdan dəfn edib.

İş o yerə çatıb ki, ən nikbin azarkeş belə nə vaxtsa yerli mütəxəssislərdən kiminsə yenidən ölkə sərhədlərini adlayacağına, hansısa əcnəbi klubda Azərbaycan futbolunu təmsil edəcəyinə inanmaq üçün əsas tapmır.

Yerli məşqçilərin xarici klubların diqqət mərkəzinə düşməməsində əsas səbəblərdən biri yerli məşqçilərin müasir futbolun incəliklərindən lazımınca xəbərdar olmamasıdı. Etiraf edək ki, yerli məşqçilər əsasən sovet dönəmindən qalma metodlarla işləyir, hazırlıq prosesini keçmişdə öyrəndikləri sistem əsasında qururlar. Nəticədə isə müasir futbolun tələbləri ilə ayaqlaşmaq mümkün olmur. Belədə beynəlxalq arenada səviyyə fərqi dərhal üzə çıxır. Qısası, köhnə fəlsəfə ilə yeni tarix yazmağın mümkün olmadığını anlamalıyıq.

Düzdü, hər ölkənin özünəməxsus futbol ənənələri var və həmin ənənələr istər-istəməz həmin ölkənin yığma və klub komandalarında özünü göstərir. Amma unutmaq lazım deyil ki, komandaları təkcə ənənə yox, yeniliklərə adekvat cavab vermək qabiliyyəti uğura daşıyır.

Azərbaycanlı məşqçilərin mütləq güclü komandalarda çalışmalı olduğunu demirik. Birincisi, nə qədər acı olsa da, buna futbol mütəxəssislərimizin səviyyəsi çatmır. İkincisi isə dünyada xeyli sayda məşqçi var və bunların hamısı superklubları çalışdıra bilməz. Amma o da var ki, peşəkar insana öz bacarığını sübut etmək üçün mütləq "Barselona" və ya "Real"da çalışmaq lazım deyil.

Bəs görəsən, əcnəbi klublarda çalışmağa qadir olan yerli mütəxəssislərimiz varmı? Əslində, ölkə xaricində özünü sübut edə biləcək məşqçilərdən danışarkən, Ağasəlim Mircavadovun adını çəkmək olardı, amma təcrübəli çalışdırıcının bundan sonra hansısa əcnəbi ölkə təmsilçisinin maraq dairəsinə düşəcəyinə və ən əsası da Mircavadovun özünün bunu istəyəcəyinə inanmaq çətindi. Elə digər nisbətən yaşlı məşqçilərin də Mircavadovdan fərqli düşündüyünü söyləmək olmaz. Elə isə gəlin bəzi gənc futbol mütəxəssislərimizin legioner olmaq perspektivinə ayrı-ayrılıqda nəzər salaq.

Qurban Qurbanov. Bu gün futbol təsərrüfatımızdakı ən istedadlı məşqçilərdən biri, bəlkə də birincisi olan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun cavan olmasını və məşqçi kimi cəmi beş illik təcrübəyə malik olmasını həm üstünlük, həm də çatışmazlıq kimi qiymətləndirmək olar.

Məşqçilik karyerasının böyük hissəsi qabaqda olan Qurbanovun uğur qazanacağına və ölkəmizi səviyyəli əcnəbi klublarda təmsil edəcəyinə inanmaq olar. Amma bunun qısa zamanda reallaşması inandırıcı deyil. Çünki uğur qazanmaq istəyən komandaların təcrübəsiz mütəxəssislə anlaşması real görünmür. Bundan başqa, məşqçi kimi hələ ölkə çempionu olmayan, yalnız bir dəfə ölkə kubokunu, iki dəfə ölkə birinciliyinin bürünc, bir dəfə isə gümüş medallarını qazanan gənc çalışdırıcının özünü hələ tam sübut etdiyini demək olmaz.

Yunis Hüseynov. O vaxtkı adı ilə UEFA kubokunda mərhələ adlayan ilk məşqçimiz kimi tarixə düşən Yunis Hüseynovun da məşqçi kimi uzun yol qət etdiyini demək olmaz. Ölkə klublarından "Karvan" və "Standard"ı çalışdıran Hüseynov yevlaxlılarla gümüş və bürünc medalları qazanıb. Bir müddət öncə Pro kateqoriyası alan gənc çalışdırıcının xarici klublarda çalışma perspektivinə gəlincə, onun İran klublarından təklif aldığı bildirilsə də, bu, sonradan konkret işə çevrilmədi.

Arif Əsədov. 2006-2008-ci illərdə ölkəmizin U-19 millisinə rəhbərlik edən və komandanı Avropa çempionatının elit raunduna çıxaran, həmçinin 2009-2010-cu illər mövsümündə "Neftçi"nin əvəzedicilər, ötən birincilikdə isə əsas komandası ilə çempionluq yaşayan Arif Əsədov da işsizlər siyahısındadı. Son günlər adı paytaxtın AZAL klubu ilə yanaşı çəkilən gənc məşqçinin xarici klublarda çalışmaq ehtimalı yüksək dəyərləndirilmir. Baxmayaraq ki, o, yerlilərə güvənməyən klub rəhbərliyinin laqeydliyi üzündən İranda olsa belə, çalışmaq üçün iş yeri tapmalıdı.

Nazim Süleymanov. Məşqçilik karyerasına xarici ölkədə - Rusiyada, futbolçu karyerasını bitirdiyi "Jemçujina"da başlayan Nazim Süleymanovun məşqçi kimi ciddi uğur qazana bilməməsi onun ölkə hüdudlarından kənara çıxa biləcəyini düşünməməyə əsas verir. Ancaq AZAL-dakı işi onun üstündən xətt çəkməyə də imkan vermir.

Mehman Allahverdiyev. Ölkə səviyyəsində səviyyəli məşqçilərdən hesab edilən "Kəpəz"in sabiq çalışdırıcısı Mehman Allahverdiyev üçün də əcnəbi ölkə variantı ağılabatan deyil. Nə indi, nə də nəvaxtsa. Elə məşqçinin 2002-2011-ci illər aralığında işsiz olması da onun heç bir əcnəbi komandanın diqqətini çəkmədiyini göstərir. Yəqin ki, "Kəpəz"lə 5 dəfə avrokuboklarda iştirak edən mütəxəssisin bir dəfə də olsun mərhələ adlaya bilməməsi, dolayısıyla da özünü beynəlxalq arenada göstərməyi bacarmaması az şey demək deyil.
Göründüyü kimi, yerli mütəxəssislər arasında xarici ölkə klublarına yollanmasına və ən azı bu gün üçün Azərbaycanı istənilən səviyyədə təmsil edəcək məşqçilər yox deyə biləcəyimiz qədər azdı. Hələ bura Şahin Diniyev, İqor Ponomoryov, Elxan Abdullayev, Ramiz Məmmədov, Əsgər Abdullayev, Vladislav Qədirov kimi çalışdırıcıları əlavə etməklə siyahını genişləndirmək də olar. Ancaq doğrusu, hər şeyi məşqçi bacarıqsızlığı ilə də əlaqələndirmək olmaz. Azərbaycanlı futbolçular da eyni problemdən əziyyət çəkir. Bu isə daha çox marka probleminin nəticəsidi. Braziliyalı, italyan, ingilis, lap elə rumın, bolqar, gürcü adı özünü beynəlxalq arenada doğruldub. Bu gün səviyyəsinə nəzər salmadan "braziliyalı futbolçu" ifadəsi özü ona maraq göstərməyə kifayət edir. Təbii ki, menecerlər də daha çox belələri ilə işləməyə üstünlük verir. Vinfred Şaferin "Bakı"da hansı biabırçılıqla üzləşdiyini özününz gördüz. Ancaq onun alman olması özlüyündə hər şeyi həll edir. Elə bu üzdən ölkəmizdən ayrılan kimi uzaq Asiyada onun üçün boş post tapıldı. Halbuki şəxsən mən onu nə Arif Əsədovdan, nə Qurban Qurbanovdan, nə də Şahin Diniyevdən güclü məşqçi saymıram. Ona yaradılan şərait və hüdudsuz imkanlar "Bakı"da yuxarıda adı çəkilən məşqçilərimizə rəva bilinsəydi, bizimkilər daha yaxşı nəticələrə imza atardı. Daha kiçik büdcə və daha məhdud heyətlə Qurbanov "Qarabağ"dakı işiylə bunu çoxdan sübut edib.

TURAL
“Ekspressfutbol” qəzeti