“Həmin oyunu özümə bağışlaya bilmirəm” - MÜSAHİBƏ
04.12.2011 - 00:02
“Həmin oyunu özümə bağışlaya bilmirəm” - MÜSAHİBƏ
Azərbaycan yığmasının sabiq kapitanı, bir neçə gün öncə futbolçu karyerasını bitirən Aslan Kərimovun apasport.az saytına müsahibəsi

- Sizinlə ilk dəfədir futbolu bitirmiş müsahib kimi danışırıq. Bu, necə bir hissdir?
- Karyeramı bitirmək elə də çətin olmadı. Biri var futboldan tam kənarlaşım, mən isə hələ də futbolun içindəyəm. Ona görə də təəssüflənmirəm. Təbi ki, futbolu bitirməyim məni kövrəldir, nostalji hisslər yaradır. Oynayarkən düşünürdüm ki, futbolçu olmaq çox çətindir. Amma belə görünür ki, məşqçilik bundan da çətindir.

- Quzanlıda “Qarabağ” – “Sumqayıt Şəhər” oyunu sizin topa toxunuşunuzla başladı. Həmin toxunuş eyni zamanda, sizi futboldan da ayırdı...
- Bir az fərqli hisslərdir. Həmin hisslər dərdsiz insana bənzəyir. Elə bilirdim ki, futbola dünən gəlmişəm, ömrümün axırına kimi də oynayacağam. Amma bunun da sonu çatdı. Quzanlıda gözlərim yaşarmadı. Bəlkə də futboldan tam getsəydim, ağlayardım.

- Futbolla “Sumqayıt-Şəhər” klubunun formasında vidalaşdınız. Amma yəqin ki, “Qarabağ”da oynaya-oynaya futboldan getmək istərdiniz...
- “Sumqayıt Şəhər” mənim üçün bir məktəbdir. Burada həm Azərbaycan futboluna qulluq edirəm, həm də öz gücümü artırıram. Əlbəttə ki, “Qarabağ”ın forması ilə futbolla “sağollaşmaq” istəyərdim. Amma tale, qismət belə gətirdi. Nə etmək olar?

- Həmin an gözünüzün önündə keçmiş illər bir xatirə kimi torlandımı?
- Futbolçu kimi geriyə baxanda görürəm ki, ən azından “Qarabağ”a xeyrim dəyib. Mən bu komanda üçün nələrsə etmişəm. Odur ki, geriyə boylananda, karyeramdan utanmıram.

- 20 il futbol oynadınız. Hansı arzular həyata keçdi, hansılar ürəkdə qaldı?
- Həyata keçməyənlər var. Tahir Gözəl vitse-prezident olanda istərdim ki, “Qarabağ”la çempion olum, alınmadı. Bu arzunun reallaşmasını çox istərdim. İkinci həyata keçməyən arzum isə Avropa Liqasının qrup mərhələsində oynamaq idi. Düzdür, bu arzu birdən-birə yarandı. Amma biz hər dəfəsində buna çox yaxın olurduq. Bunu Azərbaycan futboluna bir yenilik kimi hədiyyə etmək istəyirdik. Futbolçu olaraq, arzuma çata bilmədim.

- Karyeranız ərzində ən yaxşı oyun hansı olub?
- Cavab verməkdə çətinlik çəkirəm. Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, mən daima sabit oyun nümayiş etdirən futbolçu olmuşam. Uduzduğumuz oyunlarda da canla-başla mübarizə aparmışam. Ən yaxşı oyunlarımdan biri “Qarabağ”la çempion olduğum matça təsadüf edib. 1993-cü ildə finalda “Xəzər Sumqayıt”la oynayırdıq. Həmin görüşü fərqləndirərdim. Eyni zamanda, millidəki oyunlarımın da bir neçəsini fərqləndirmək olar. İtaliya ilə oyunda pis təsir bağışlamadım. O vaxt üçün dünyanın ən güclü hücumçularından sayılan Viyeriyə qarşı mübarizə aparırdım.

- Ən pis oyununuz hansıdır ki, hələ də onu yaddan çıxara bilmirsiniz?
- Tək özümü nəzərdə tutmuram. Ən pis yadda qalan görüş Qazaxıstanla baş tutmuşdu. Həmin oyunda 1:1 hesabı qeydə alınmışdı. Vüqar Nadirov qol vursa da, sonradan mənim mövqeyimdən rəqibin ötürməsindən sonra komanda yoldaşı fərqləndi və hesab bərabərləşdi. Bir az ayağım da ağrıyırdı. Peşəkarlığa sığmayan hərəkət olsa da, əvəzlənməyimi istəməyə utandım. Axsaya-axsaya oynadım. Bax, həmin oyunu özümə bağışlaya bilmirəm.

- Futbolda sizə ən çox dəstək olan məşqçi kimdir?
- Əgər bir nəfəri seçsək, əlbəttə ki, Ağasəlim Mircavadovun adını çəkməliyəm. Onun xidmətlərini dana bilmərəm. “Qarabağ”a ilk olaraq, Ağasəlim müəllim gətirib məni. İlk dəfə irəli çəkib, böyük futbolu başa salan şəxs Mircavadovdur. Çempionluğu, kuboku onun rəhbərliyi altında qazanmışam. Sözsüz ki, bütün məşqçilərimə dərin hörmətim var. Amma məni futbola Ağasəlim Mircavadov qazandırıb. Yadımdadır. “Qarabağ” o zaman ev oyunlarını Sumqayıtda keçirirdi. “Neftçi” ilə qarşılaşırdıq. Həmin oyunda 1:0 hesabı ilə qalib gəlirdik. Son dəqiqələrdə səhv etmirəmsə, Yaşar Vahabzadə mənim başımın üstündən ötürmə etdi, sürətli Samir Ələkbərov isə qol vurdu. Omdan sonra futbolu atmaq istəyirdim. Çox ağladım. Getdim evdə. Məşqlərdən iyrənmişdim, gəlmirdim. Həmin vaxt Ağasəlim Mircavadov evimizə qədər gəlmişdi. Mənə ürək-dirək verdikdən sonra yenidən futbola qayıtdım.

- Futbol sahəsində sizə kim badalaq vurmaq istəyib?
- Vallah, badalaq vurmaq istəyənlər olub, olmamış olmaz. Düşünmürəm ki, kimsə mənə qarşı böyük qəsd-qərəzlik etsin. Rəqabətlərimiz çox olub. Bunsuz mümkün deyil. Məsələn, futbolçunun biri oynamalı, biri qalmalı, digəri getməlidir. Bu, qanunauyğunluqdur.

- Azərbaycan futbolunda davamçınız kimi görürsünüz?
- Hal-hazırda komandanı arxasınca aparan ən bacarıqlı futbolçulardan biri Rəşad Sadıqovdur. Onda liderlik keyfiyyətləri var. Özü zəif çıxış etsə belə, komanda onun arxasınca gəlir. Onda çox sərtlik yoxdur.

- Futboldan kiminlə küsülü gedirsiniz?
- Belə bir incikliyim yoxdur.

- Tam səmimi?
- Bəli. Hər halda, küsülü olduğum insan yoxdur.

- “Mən getdim, sağ olun” demək, hər yaşda çox çətindir?
- Açığını desəm, “mən getdim” sözünü deyə bilmirəm (duruxur). Mənim kimi futbolçular yenə gələcək. Ən azından Azərbaycan futbolunda liderlik keyfiyyətləri olan, sərt oyunu ilə tanınan insan kimi iz qoyub gedirəm. Arzu edirəm ki, dayaq yarımmüdafiəçisi olanlarımız, mənim kimi demirəm, ürəkdən və sərt oynasınlar. Meydançada xarakter göstərsinlər.