Mirça Rednik “Xəzər Lənkəran”dan 300 min avro təzminat istəyir
08.12.2011 - 14:27
Mirça Rednik “Xəzər Lənkəran”dan 300 min avro təzminat istəyir
Mirça Rednik “Xəzər Lənkəran” klubundan kompensasiya tələb etmək niyyətindədir. Apasport.az saytının Rumıniya mətbuatına istinadən məlumatına görə, ötən bazar müqaviləsi başa çatmamış cənub təmsilçisinin baş məşqçisi vəzifəsindən ayrılan 49 yaşlı mütəxəssis 300 min avro təzminat istəyir.

Rednik “ağ-yaşıllar”ın rəsmi saytında müqavilənin qarşılıqlı razılıq əsasında pozulması haqda yazılan xəbərin həqiqətdən uzaq olduğunu açıqlayıb: “Xəzər Lənkəran”ın rəsmi saytında yazılıb ki, mən onlarla müqaviləni pozmuşam. Amma belə deyil”.

Məsələ ilə bağlı “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov apasport.az saytına bildirib ki, Rumıniya mətbuatına yer alan xəbər heç bir fakta əsaslanmır: “Bu, Rumıniya mətbuatının növbəti cəfəngiyatıdır. Onların yazdıqlarında heç bir fakta əsaslanmır. Redniklə müqavilə qarşılıqlı razılıqla pozulub. Bunun üçün hər hansısa kompensasiyadan söhbət gedə bilməz. Rednik postundan ayrıldıqdan sonra ilk açıqlamasını məhz apasport.az saytına verib və burada da onun özü həmin faktı deyib. Bunun ardınca - ertəsi gün bütün sənədlər imzalandı və heç bir anlaşılmazlıq qalmadı. Hazırda da onunla münasibətlərimiz normaldır və belə də davam edəcək. Bunun üçün də belə yazılar heç bir həqiqəti əks etdirmir”.

Qeyd edək ki, Rednik Premyer Liqanın XV turunda “İnter”ə 0:1 hesablı məğlubiyyətdən sonra “Xəzər Lənkəran”dan ayrılıb.