“Xəzər Lənkəran” antirekorddan qaçdı
19.12.2011 - 17:01
“Xəzər Lənkəran” antirekorddan qaçdı
Premyer Liqanın hesabat turunda qazanılan qələbə ilə “Xəzər Lənkəran” uğursuz seriyasına son qoyub. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, XI turun “Kəpəz”lə ev oyunundakı minimal hesablı qələbədən sonra ardıcıl 5 çempionat matçında Lənkəran azarkeşləri qələbə sevinci yaşamırdı.

Həmin qələbədən sonra “Neftçi” ilə “İnter”ə uduzan “Xəzər Lənkəran” “Qarabağ”, “Rəvan” və “Simurq”la qarşılaşmalarda 1 xalla kifayətlənmişdi. Oktyabrın 28-dəki görüşdən sonrakı 5 matçda 3 xal toplayan komanda 49 günlük qələbə həsrətini dayandırmaqla, 2005/06 mövsümünün antirekordunun təkrarlanmasına imkan vermədi.

Həmin vaxt “Xəzər Lənkəran” 2005-ci il oktyabrın 23-də baş tutan VII turun oyununda “Göyəzən”i 2:0 hesabı ilə yendikdən sonra 6 qarşılaşmada qalib gəlməmişdi. MOİK və “Gənclərbirliyi” ilə qolsuz heç-heçə, “Gəncə” ilə 1:1 edən “ağ-yaşıllar” “Neftçi”, “Turan” və “MKT-Araz”a uduzmuşdu. Həmin uğursuz zeriya 2006-cı il fevralın 12-də, XIV turun “Olimpik”lə oyununda qırılmışdı – 1:0

Qeyd edək ki, “Xəzər Lənkəran” daha 3 dəfə - 2005/06, 2007/08 və 2010/11 mövsümlərində 5 oyun qələbə həsrətində olub.