“Bakı” üçün 2 ildən sonra, Aleksandr Starkov üçün ilk dəfə
22.12.2011 - 10:08
“Bakı” üçün 2 ildən sonra, Aleksandr Starkov üçün ilk dəfə
Aleksandr Starkov 1 ildir baş məşqçisi olduğu “Bakı”da ən uğursuz nəticəni 2011-in sonunda alıb. Apasport.az saytının məlumatına görə, təcrübəli latviyalı mütəxəssis bu ilin yanvarından çalışdırdığı “zolaqlılar”da ilk dəfə böyük hesabla uduzub. Bu, ilin son turunun “Xəzər Lənkəran”la səfər matçında qeydə alınıb – 0:3. Starkov bunadək ölkə kubokunu da nəzərə alsaq, “Bakı”nı 30 oyuna çıxarmış və ən azı 3 top fərqi ilə uduzmağı 31-ci matçında qeydə alındı.

“Bakı”nın tarixində böyük hesablı məğlubiyyətlərə nəzər salsaq, bunların sayının az olduğunu görərik. Komanda bundan əvvəl almaniyalı Vinfred Şafer və türkiyəli Cüneyt Biçərin rəhbərliyi altında belə nəticəyə imza atmamışdı. İkiqat çempion sonuncu dəfə böyük hesabla 2009/10 mövsümündə, 2 il öncə uduzmuşdu. Maraqlıdır ki, 2009-cu ilin noyabrın 29-da çempionatdakı həmin oyunda da rəqib “Xəzər Lənkəran” və onda da 0:3 hesablı məğlubiyyət olmuşdu. Fərq ondadır ki, bu matç Lənkəranda şəhər mərkəzi stadionunda yox, Bakıda Tofiq Bəhramov adına Respublika arenasında baş vermişdi. Onda komandanın baş məşqçisi məşhur Bülənt Korkmaz idi. Türkiyəlinin istefasından sonra onu “Bakı”da əvəzləyən həmyerlisi Cüneyt Biçər indi “Xəzər Lənkəran”ın çalışdırıcısı kimi keçmiş komandasını, latviyalı həmkarını böyük hesabla yendi.

Biçər eyni zamanda “Xəzər Lənkəran”ın 2 aydan sonra Premyer Liqada evdə qələbəyə sevinməsinə imkan yaratdı. Cənublular sonuncu dəfə ilk dövrənin son turunda – oktyabrın 28-də “Kəpəz”ə 1:0 hesabı ilə qalib gəlmişdi. Yəni bu, bu, çempionatın II dövrəsində ilk ev qələbəsi idi. Lənkəranlıların öz meydanında sonuncu böyük hesabla qələbəsi isə ötən mövsümə təsadüf edir. Onda 3:0 hesablı qələbə “altılığ”ın II dövrəsinin ilk turunda AZAL-la oyunda reallaşmışdı.

Mehman SÜLEYMANOV