Böyükağa Hacıyevin sələfini yığmaya buraxmadılar
19.01.2012 - 11:11
Böyükağa Hacıyevin sələfini yığmaya buraxmadılar
Litva milli komandasının yeni baş məşqçisinin adı məlum olub. Apasport.az saytının məlumatına görə, Avro-2012-nin seçmə mərhələsi başa çatandan sonra müqaviləsi başa çatan Raymondas Jutautası əcnəbi mütəxəssis əvəzləyib. Yığma macarıstanlı Çobo Lasloya tapşırılıb. O, 1990-cı ildə müstəqil yığma kimi beynəlxalq arenaya çıxan Litvanın tarixində 2-ci əcnəbi baş məşqçi olub. 2008-10-cu illərdə indi Moskva “Lokomotiv”ində işləyən portuqaliyalı Joze Kouseyru bu postda çalışmışdı.

Qeyd edək ki, Laslo bu posta namizəd olan həmkarlarını böyük üstünlüklə arxada qoyub. Onun rəqibləri arasında vaxtilə Sumqayıt “Standard”ının sabiq baş məşqçisi Valdas İvanauskas da olub. 2009/10 mövsümündə ölkəmizdə çalışan bu mütəxəssis sonra postunu Böyükağa Hacıyevə vermişdi.

Laslonun baş məşqçi təyin olunduğu yığmaya Azərbaycan Premyer Liqasında çıxış edən futbolçulardan Deyvidar Çesnauskis (“Bakı”) və Robertas Poşkus (“Simurq”) çağırılır.