“İnsanları mənim pasportum qorxudur” - MÜSAHİBƏ
19.01.2012 - 17:54
“İnsanları mənim pasportum qorxudur” - MÜSAHİBƏ
Azərbaycan futzal yığmasının qapıçısı Andrey Tveryankin UEFA-nın rəsmi saytına müsahibə verib. Apasport.az saytının məlumatına görə, millimizin 2 il öncə Avropa çempionatının final mərhələsində uğurlu çıxışında böyük rolu olan 45 yaşlı qapıçısı növbəti məsul sınaq haqda fikirlərini bildirib. Tveryankin hesab edir ki, Portuqaliya və Serbiya yığmaları ilə bir qrupa düşən yığmamız ən azı Macarıstandakı nailiyyəti təkrarlaya, yenidən 4-cü yeri tuta bilər.

- Azərbaycan yığması Avro-2012-də hara kimi gedə bilər?
- Biz Avro-2010-dakı uğuru tam şəkildə təkrarlaya bilərik. Bu, bizim gücümüzə görədir. Əslində isə necə olacağını turnirin özü göstərəcək. Minimum pis oynamarıq.

- Komandanız 2010-cu ildə yarımfinala çıxanda, Avropada Azərbaycan yığması haqda elə də çox bilmirdilər...
- Onda bu, bizə kömək oldu. İndi isə istənilən halda, bizə növbəti sıradan komanda kimi baxmayacaqlar. Hərçənd cəmi bir çempionatın təcrübəsi elə də böyük kömək deyil.

- Həmin turnirdə ən çox nə yadınızda qaldı?
- Ukrayna yığması üzərində qələbəmiz. Bu, həqiqətən çox güclü rəqibdir. Belə uğurlar yadda qalır və komandaya daha böyük inam verir.

- Belə görünür ki, siz Avropa çempionatının ən yaxşı oyunçusunuz. Hələ nə qədər oynamaq fikrindəsiniz?
- Sağlamlıq imkan verənə kimi oynayacağam. Bilirsiniz, axı burada hər şey rəhbərlikdən asılıdır. Rusiyada yaş amili oynamağa imkan vermir. İnsanları mənim pasportum qorxudur. İndi Azərbaycana mənə etimad göstərirlər və bu, mənim üçün böyük önəm kəsb edir. Düz deyirlər ki, meydançaya pasportla çıxmırlar.

- Futzalda nə vaxt debüt etmisiniz?
- Ah, bu, çoxdan olub. 20 il öncə - 1992-ci ildə.

- Azərbaycan yığmasında sizin diqqətinizi daha çox nə çəkir?
- Azərbaycanın indiki yığması ölkəsinin tarixini yazır. Mən bunda iştirak etdiyimə görə fəxr edirəm. Arzuladığım səviyyəyə düşdüm və idmanda arzularımı reallaşdırmaq imkanım var.

- Yığmanın özəyinin “Araz”da oynamağı yığmaya kömək edir?
- Bu, çox böyük müsbət amildir. Bir yerdə oynamaq kömək edir. Elə insan amili də kömək edir. “Araz”da çox mehriban kollektiv var ki, bu da yığmada əks olunur.

- Serbiya və Portuqaliya yığmalarının gücü nədədir?
- Serbiyada asan təslim olmamaq və xarakter var. Portuqaliyada isə komanda oyunu ilə fərdi keyfiyyətləri güclü ifaçılar cəmləşir.

- Sizin üçün Avropa çempionatında oynamaq nə əhəmiyyət kəsib edir?
- İdman karyerasında böyük addımdır. Bu, bütün həyatın boyu yadda qalandır.

- Azərbaycan yığmasında oyunçulardan hansılar təhlükəlidir və niyə?
- Komanda. Bu, pafos deyil, həqiqətdir. Əgər siz oyunçularımızı izləmisinizsə, bu iddia ilə razılaşarsınız.

- Azərbaycan yığması seçmə mərhələdə İspaniyaya uduzdu. Bu komandanın əsas üstünlükləri nədir?
- Əla komandadır. Ona qarşı oynamaq çox xoşdur. İspanlar özü oynayır və rəqibə bunu etməyə imkan verir. Onlardan nəsə öyrənməli şeylər var.

- İspanlar Avropa futzalında nəyin hesabına hegemonluq edirlər?
- Bu yığmada fərdi keyfiyyətləri güclü oyunçular cəmləşib. Orada onların sayı 2 kvartetdən çoxdur. Üstəlik, komanda oyunu daha yaxşı qurulub. Güclü milli çempionatın olmağı da öz rolunu oynayır.

- Sizi futzalda daha çox nə cəlb edir?
- Ehtiras, maraq, psixoloji amillər. Bir də məsuliyyət. Axı bu, qapıçı üçün xüsusi məqamdır.