Fariz Yusifov Antalyada qalmaqal yaratdı
21.01.2012 - 11:37
Fariz Yusifov Antalyada qalmaqal yaratdı
Azərbaycanlı FİFA hakimi Fariz Yusifovun idarə etdiyi “Krılya Sovetov” (Rusiya) – “Tyun” (İsveçrə) yoxlama oyunu başa çatdırılmayıb. Apasport.az saytının məlumatına görə, buna 40 yaşlı referinin əvəzetmə ilə bağlı göstərdiyi qətiyyət səbəb olub.

Belə ki, Yusifov matçın 80-ci dəqiqəsində Samara təmsilçisində Roman Vorobyovun yerinə Roman Qriqoryanın daxil olmağına icazə verməyib. O, bunu Qriroryanın artıq ilk hissədə oynamağı, FİFA qaydalarının əksinə əvəzetmələrə icazə verməməyi ilə əsaslandırıb.

Ruslar isə iddia edir ki, görüşdən əvvəl bütün əvəzetmələrə, hətta qırmızı vərəqə alan futbolçunun yerinə oyunçunun daxil olmağı ilə bağlı hər 2 komanda arasında razılıq əldə olunubmuş. Hətta isveçrəlilər də oyunun başa çatdırılmağı ilə hakimimizə müraciət edib.

Rusiya Premyer Liqa təmsilçisi dəyişikliyi 75-ci dəqiqədə etməyə hazırlaşaraq, bir müddət gözləməli olub. Deyilənə görə, komandanın məşqçilər korpusu əvvəlcədən belə planlaşdırıb ki, Vorobyov meydanda 75 dəqiqədən bir dəqiqə artıq oynaya bilməzmiş.

Çünki hər futbolçu üçün yükləmələr fərdi nəzərdə tutulub. Ancaq Yusifov dəyişikliyə icazə verməyəndə, “Krılya Sovetov”un baş məşqçisi Andrey Kobelev komandanı meydandan çıxarıb ki, futbolçuları zədə almaq təhlükəsi ilə üzləşməsin.