“Poşkusla həqiqətən problemimiz yoxdur, səmimi sözümdür”
23.01.2012 - 15:05
“Poşkusla həqiqətən problemimiz yoxdur, səmimi sözümdür”
“Simurq”un 3 futbolçusu Türkiyədəki hazırlıq prosesindən kənarda qalıb. Klubun icraçı-direktoru Vaqif Əliyev apasport.az saytına açıqlamasında litvalı hücumçu Robertas Poşkus, yarımmüdafiəçilər - latviyalı Andrey Rubinlə bolqar Daniel Genovun kənarda qalmağına toxunub. O, bu legionerlərin xidmətində maraqlı olduqlarını bildirib: “Rubinlə Genov düşərgəmizdədir. Sadəcə, zədəli olduqlarından, fərdi məşq edirlər. Andrey yeni il öncəsi əməliyyat olunmuşdu və bərpa prosesi keçir. Poşkus isə üzrlü səbəbdən hazırda sıralarımızda deyil. Futbolçunun yaxında övladı dünyaya gələcək və Antalyadakı hazırlığa qatılmamaqla bağlı bizdən icazə alıb. O, fevralın 1-də Zaqatalada hazırlığımıza qatılacaq. Robertas peşəkar futbolçudur, 10 günə formasını yığar”.

İcraçı-direktor Robertas transfer hüquqlarına sahib olduqlarını söyləyib: “Onunla həqiqətən problemimiz yoxdur, səmimi sözümdür. Sadəcə, ailə problemlərini başa düşərək, icazə verdik. Özü də Robertas bizdə icarədə oynamır. Biz onun transfer hüquqlarını ötən yay “İnter”dən alaraq, birbaşa müqavilə imzaladıq”.

Qeyd edək ki, 2009-cu ildən ölkəmizdə oynayan, “İnter”lə Azərbaycan çempionu olan Poşkus cari mövsümdə vurduğu 8 qolla 2-ci bombardirdir.

Mehman SÜLEYMANOV