Foqtsu ilk sevindirən yığma, yaxud “cırtdan ölkə” ilə 3-cü duel
23.01.2012 - 17:47
Foqtsu ilk sevindirən yığma, yaxud “cırtdan ölkə” ilə 3-cü duel
Azərbaycan milli komandası Andorra yığması ilə tarixində 3-cü dəfə görüşəcək. Apasport.az saytının məlumatına görə, millimiz indiyə kimi heç vaxt seçmə mərhələlərdə bir qrupda yer almadığı “cırtdan ölkə”sinin təmsilçisi ilə yalnız yoxlama oyunlarında üzləşib. İlk belə görüş 1998-ci ilin iyunun 24-də Tallində olub. Həmin vaxt Estoniya, Andorra, Litva milliləri ilə beynəlxalq turnirdə iştirak edən Vaqif Sadıqovun baş məşqçisi olduğu yığma indiki rəqibi ilə qolsuz bərabərliyə qalmışdı.

Andorralılarla 2-ci oyunumuz də iyuna təsadüf etdi. Bu dəfə artıq yığmamızın baş məşqçisi postunda almaniyalı Berti Foqts idi. Andorra yığması ilə 2008-ci ilin iyunun 4-də yoldaşlıq görüşü həmin ölkənin paytaxtı Andorra-la-Vellada oldu. Yığmamız “Kommunal” stadionunda keçirilən matçda rəqibi 2:1 hesabı ilə məğlub etdi və bu, Foqtsun millimizdə ilk qələbəsi kimi tarixə düşdü.

Komandamız artıq fasiləyə kimi oyunun taleyini həll etmişdi. Belə ki, milliləşdirilən futbolçularımız – 17-ci dəqiqədə braziliyalı yarımmüdafiəçi Fabio Luis Ramim, 43-cü dəqiqədə serbiyalı hücumçu Branimir Subaşiç rəqib qapısına yol tapdı. Meydan sahibləri Toni Limanın 52-ci dəqiqədə vurduğu qolla hesab arasındakı fərqi minimuma endirsə də, bundan artığına gücü çatmadı. Portuqaliyalı Duarte Pereyra Qomesin idarə etdiyi oyunda yeganə sarı vərəqə 45+2-ci dəqiqədə futbolçumuz Mahir Şükürova göstərilib.

Qeyd edək ki, millimiz Andorra ilə növbəti görüşü mayın 30-da Almaniyanın Frankfurt şəhərində olacaq.

Mehman SÜLEYMANOV