“Ola bilsin, bir az sərt, yüksək tonla danışdım”
23.01.2012 - 18:05
“Ola bilsin, bir az sərt, yüksək tonla danışdım”
“Xəzər Lənkəran” klubunun müdafiəçisi Elnur Allahverdiyevin apasport.az saytına müsahibəsi

- Öncə toplanış barədə danışaq. İlk günlər hava soyuq olduğundan, futbolçular məşqlərə həvəssiz çıxırdılar...
- Siz də bilirsiniz ki, toplanış futbolçuların bir az xoşuna gəlmir. Buna baxmayaraq, indi hər şey yaxşıdır, özümüzə görə hazırlaşırıq. Hazırda turnir cədvəlinin üçüncü pilləsindəyik, liderdən cəmi 2 xal geri qalırıq. Amma məqsədimiz var: mövsümü titulla başa vurmalıyıq. Düzdür, toplanışın ilk günləri bir az ağır keçdi. Əziyyətli olsa da, səbr edib, hazırlaşırıq. İnşallah, bunu bəhrəsini görərik.

- Komandanız Türkmənistan yığması ilə yoxlama görüşündə qüvvəsini sınadı. Həmin qarşılaşmada hansı mövqedə problemlərin olduğunu hiss etdiniz?
- İstərdim məni düzgün anlasınlar, fikrimcə, hücum xəttində problem var. Demirəm ki, hücumçularımız zəifdir, amma problem mövcuddur. Çempionluğa oynayan komanda çoxlu qol vurmalıdır. Hesab edirəm ki, bizə çox qol vuran hücumçu lazımdır. Digər tərəfdən, Türkmənistan yığması elə də güclü rəqib deyildi. Həm də komanda hələ tam hazır formada deyil. Güclü komandalarla görüşdə zəif nöqtələrimiz görünəcək.

- Əvvəlki baş məşqçi Mirça Redniklə hazırkı çalışdırıcınız Cüneyt Biçərin keçdiyi məşqlər arasında fərq çoxdurmu?
- Hər məşqçinin öz fəlsəfəsi var. Rednik çox tələbkar idi, ondan çox şey öyrəndim. İndi isə Biçərlə çalışıram və istəyirəm ki, yenə nəsə öyrənim. Psixologiyaya çox üstünlük verir, futbolçularla çox yaxşı ünsiyyət qurur. Bu da onun ən yaxşı silahlarından biridir. Hər futbolçu ilə öz dilində danışır, başa salır. Yaxşı psixoloqdur.

- Elə isə bu sualımıza dəqiq cavab verin: Türkmənistanla oyunun gedişində Elnur Abdullayevlə aranızda narazılıq yarandı, hətta söz davasına çıxdınız. Biçər psixoliq kimi, bununla bağlı oyundan sonra sizə nə dedi?
- Həmin epizodda Abdullayevə dedim ki, bir az cəld oyna. Ola bilsin, bir az sərt, yüksək tonla danışdım. Amma onun mənə cavab qaytarmağı acığıma gəldi. Toplanışdır da, indi hamı hirslidir. Baş verənlər meydanda qaldı, oyundan sonra yenə əvvəlki kimi münasibətimiz var. Biçər də dedi ki, bir də belə şey olmamalıdır.

- Hücum xəttində problem olduğunu dediniz. “Xəzər Lənkəran” Antalyaya gəlməzdən öncə slovakiyalı hücumçu Deyan Rusiçlə yollarını ayırdı. Əlinizdə səlahiyyət olsaydı, komandada Rusiçi, yoxsa Subaşiçi saxlayardız?
- Elə bir səlahiyyətim olsaydı ki, hər ikisini saxlayardım. Mənə elə gəlir ki, Subaşiç legioner sayılmadığından üstünlük ona verildi. Rusiç də yaxşı futbolçudur, bizə çox xeyri dəyib. Ancaq qərarı mən yox, baş məşqçi verir.

- Əvvəllər müdafiənin mərkəzində sizinlə yanaşı, Andrey Mureşan yer alırdı. Amma rumıniyalı legioner son turlarda dayaq müdafiəçisi mövqeyinə keçdi. Bundan sonra Elvin Beçiri müdafiənin mərkəzinə qayıtdı. Sizin üçün bu müdafiəçilərin hansı ilə oynamaq daha rahatdır?
- Mureşanda sonuncu müdafiəçi mövqeyində oynamaq alınmırdı. O, komandaya dayaq müdafiəçisi kimi komandaya daha çox faydalıdır. Elvinlə oynamaq rahatdır, çünki həmişə sonuncu müdafiəçi mövqeyində çıxış edib.

- “Xəzər Lənkəran” Azərbaycana səviyyəli legionerlər gətirməklə də seçilir. Ötən mövsümün sonlarında Uinston Parks “Bakı”ya keçdi, indi də Julius Vobayın gedişi gündəmdədir. Vobayın gedişi komanda üçün itki sayıla bilərmi?
- Vobayın gedişi itki deyil. Guya, çempionatda bizə nə kömək edib ki? 6 ay əvəzedici komandada olub. Yalnız son turda “Bakı”ya qarşı yaxşı oynadı. Düzdü, Julius yaxşı futbolçudur, amma komanda üçün heç nə etmədi. Əvəzolunmaz futbolçu yoxdur, Vobay getdisə, əvəzinə ondan da yaxşısı gələcək.

- Heyətə yeni gənc futbolçular cəlb olunub. Onlar barədə nə deyə bilərsiniz?
- Onların gələcəyi hələ qabaqdadır. Böyük qardaş, təcrübəli futbolçu kimi onlara tövsiyəm budur ki, öz üzərlərində çalışsınlar. Gəlin, səmimi danışaq. Onlar indi bizə kömək etmək iqtidarında deyillər.

- Biz də elə buna məqama toxunmaq istəyirik. Komanda bu heyətlə tutula iddia edə bilərmi?
- Əlbəttə. Biz bu heyətlə çempionatda ən yaxşı izləyicimizdən 7 xal qabaqda idik. Amma öz səhvlərimiz ucbatından üçüncü pilləyə düşdük. Bununla belə, bu komanda çempionluğa iddialıdır, inşallah, çempion da olarıq. Amma heyəti gücləndirsək, daha yaxşı olar.

- Hanı mövqeni?
- Hücum xəttinə. Bir də yaxşı hücuma meylli futbolçu və 2 cinah yarımmüdafiəçisi lazımdır.

İxtiyar ƏSGƏROV
ANTALYADAN