“Niyə yalan danışım? Azərbaycanda heç nə yoxdur”
24.01.2012 - 00:03
“Niyə yalan danışım? Azərbaycanda heç nə yoxdur”
“Qış fasiləsi zamanı heç bir klubla danışıq aparmamışam”. Bu sözləri apasport.az saytına AZAL-ın sabiq baş məşqçisi Elxan Abdullayev deyib.

Mövsümə AZAL-ın “sükanı arxası”nda başlayan, amma komandasının qeyri-sabit çıxış etməsi üzündən postundan ayrılan mütəxəssis hələ də işsizdir. Onun fasilə zamanı özünə yeni iş yeri tapacağı gözlənilsə də, bu istiqamətdə irəliləyiş yoxdur. Yerli mütəxəssislərə bu qədər etimadsızlığa gəldikdə, o, bunun səbəbini anlamadığını bildirib: “Yerli məşqçilərə niyə bu qədər etimadsızlıq göstərdiklərini deyə bilmərəm. Bunu araşdırmaq lazımdır”.

Abdullayev bildirib ki, menecerlərinə klub tapması barədə tapşırıq verib. Artıq bu istiqamətdə işlər görülür: “Menecerlərim var. Onlara komanda tapmağı tapşırmışam. Təbii ki, bu xarici klub olacaq. Çünki yerli komandalardan səs-soraq yoxdur. CV-i vermişəm. Niyə yalan danışım? Azərbaycanda heç nə yoxdur”.