Rafiq Mirzəyev: Bir günlə yaşayan insan, insan deyil - MÜSAHİBƏ
24.01.2012 - 00:06
Rafiq Mirzəyev: Bir günlə yaşayan insan, insan deyil - MÜSAHİBƏ
AZAL klubunun baş məşqçisi Rafiq Mirzəyevin apasport.az saytına müsahibəsi

- Növbəti yoxlama oyununu keçirdiniz və yenə “Neftçala” ilə qarşılaşdınız. Bu görüşlə bağlı nə deyə bilərsiniz?
- Bildiyiniz kimi, təlim-məşq toplanışındayıq. Gündəlik məşqlərlə yanaşı, yoxlama oyunları da keçiririk. “Neftçala” ilə oyun da hazırlıq planının tərkib hissəsi idi. Uşaqlar bu dəfə daha yaxşı oynadılar. Yenə bütün futbolçulara şans verdik. Məqsədimiz onların fiziki cəhətdən hazır olub-olmamaqlarını yoxlamaq idi. Çünki hazırda hər gün iki dəfə olmaqla məşq edirik.

- İlk oyunla müqayisədə razı və narazı qaldığınız hansı məqamlar oldu?
- Təbii ki, hər iki qarşılaşma arasında müəyyən fərqlər var idi. Birinci oyunda taktiki planda çoxlu səhvlərə yol verirdiksə, bu dəfə uşaqlar işi sona qədər yerinə yetirməyə çalışırdılar. Eyni zamanda, fiziki durumun hansı səviyyədə olduğunu yoxladıq. Fikrimcə, budəfəki oyunda futbolçularımız özlərini yaxşı tərəfdən göstərməyi bacardılar.

- Rəqibin I divizion təmsilçisi olmasını özünüz istədiniz, yoxsa seçim imkanınız yox idi?
- Hazırda Premyer Liqada çıxış edən klubların əksəriyyəti ölkə xaricində təlim-məşq toplanışı keçirir. Burda “Rəvan”la AZAL qalıb. Bu baxımdan elə də seçim imkanımız yox idi. Qərara gəldik ki, “Neftçala” ilə ikinci dəfə qarşılaşaq. Bu oyun həm bizə, həm də onlara lazımlı idi.

- Elə plan qurmaq olmazdımı ki, yoldaşlıq oyunları keçirmək üçün müəyyən müddətə ölkə xaricinə çıxaydınız?
- Bu, klubun işidir. Buna ehtiyac yoxdur. Əvvəldən planımızı belə qurmuşuq, bu istiqamətdə işlərimizi davam etdiririk.

- Son günlərdə paytaxtda qeyri-sabit hava şəraiti hakimdir. Hətta qar yağıb. Bu hazırlığın gedişinə mənfi təsir göstərmir ki?
- Xeyr, işlər planauyğun şəkildə davam etdirilir. Bəli, havalar soyuyub, amma məşq etdiyimiz Şüvəlan qəsəbə stadionunda şərait yaxşıdır. Ötən gün aeroport ərazisinə qar yağsa da, biz məşqə gedəndə Şüvəlanda bunun şahidi olmadıq. Yer quru idi. Bu da yaxşı məşq keçməyimizə imkan verdi.

- Dekabrın sonlarında baş məşqçi kimi təsdiqlənsəniz də, mövsümün əvvəlindən komandadasınız. AZAL-ın qeyri-sabit çıxışının səbəbini nə ilə izah edə bilərsiniz?
- Bu futboldur, hər cür nəticə ilə qarşılaşırsan. Bilmək olmur ki, növbəti oyunda necə olacaq. Sadəcə, fasilə ərəfəsində “Rəvan”a uduzmağımız çox pis oldu. Həmin oyundakı məğlubiyyət fasiləyə ilk “altılıq”da yollanmağımıza imkan vermədi. Müəyyən nöqsanlarımız oldu. Bu haqda açıqlama vermək istəmirəm. Hazırlıq müddətində həmin çatışmazlıqları yoluna qoyacağıq.

- Transfer çalışmalarında fəal deyilsiniz. Belə götürdükdə ehtiyat oyunçular skamyası da geniş deyil...
- İki futbolçunu heyətimizə cəlb etmişik. Tural Nərimanov və Şəhriyar Rəhimov mövsümün sonuna qədər komandamıza kömək edəcək. Üstəlik, əvəzedici heyətdən 3-4 futbolçunu əsas komandaya cəlb etmişik. Çempionatın gedişində onların xidmətindən yararlanacağıq.

- Hansı xətlə bağlı problem hiss edirsiniz?
- Heyətimiz yetərlidir. Hansısa çatışmazlıq görmürəm. Əvvəllər müəyyən yerlərdə axsamalar ola bilərdi. Amma indi hər mövqedə 2-3 futbolçumuz var.

- Əsas rəqiblərinizin transfer çalışmalarında fəal olması sizi narahat etmir?
- Hər klubun öz məqsədi, strategiyası var. Biz öz işimizlə məşğuluq. Çalışacağıq ki, fasilədən sonrakı oyunlarımızı qələbə ilə başa vuraq. Kimin hansı futbolçu ilə anlaşması bizi narahat etmir.

- Növbəti yoxlama oyununu nə vaxt keçirəcəksiniz?
- Yanvarın 27-də “Rəvan”la qarşılaşacağıq.

- AZAL-ın ilk “altılığ”a düşmək şansını necə dəyərləndirirsiniz?
- AZAL-ı ilk “altılıq”da görürəm. Qarşıda 4 vacib tur qalıb. Həm biz, həm də rəqiblərimiz meydana çıxacaq. Bu futboldur və hər cür nəticəni gözləmək olar. İnsan bu günlə yaşamamalıdır. O, sabahı da düşünməlidir. Bir günlə yaşayan insan, insan deyil.