Yığmamızın hesabına tarixə düşən “cırtdan”
24.01.2012 - 12:28
Yığmamızın hesabına tarixə düşən “cırtdan”
Azərbaycan milli komandasının mayın 30-da Almaniyanın Frankfurt şəhərində yoldaşlıq görüşündə rəqibi olacaq Andorra bizim kimi Avropanın ən gənc yığmalarından biridir. Apasport.az saytının məlumatına görə, bu ölkənin futbol federasiyası AFFA-dan sonra yaradılıb, FİFA və UEFA-ya ölkəmizin ardınca üzv seçilib. Belə ki, assosiasiyamız 1992-ci ildə, Andorra Futbol Federasiyası (AFF) 1994-cü ildə yaradılıb, 1995-ci ildə UEFA-ya, 1 il sonra FİFA-ya daxil olub. Avropanın “cırtdan ölkə”lərindən olan Andorra Krallığını təmsil edən yığma FİFA-nın bu il üçün reytinqində sonlarda, 206-cı pillədə yer alıb. Bunun nəticəsidir ki, bu milli komanda həmişə seçmə mərhələlərdə qrup sonuncusu olub. Tarixində 100-dən çox oyun keçirən andorralıların yalnız 3 qələbəsi var. Ancaq bunlar heç də zəiflər üzərində əldə edilməyib. Belə ki, Belarus və Albaniya yoldaşlıq görüşlərində 2:0, Makedoniya rəsmi oyunda 1:0 hesabı ilə yenilib. Həmin matçların hamısı ölkənin paytaxtı Andorra-la-Velyada keçirilib.

Andorra yığması tarixində yalnız 12 oyunda uduzmayıb. Yəni qalan 9 matçda heç-heçə qeydə alınıb. Maraqlıdır ki, bunların 7-si (2-si bizimlə) qolsuz bərabərliklə, digər 2-si 1:1 hesabı ilə nəticələnib. “Cırtdan ölkə”nin təmsilçisi milli komandamızın hesabına tarixi nəticəyə imza atıb. Belə ki, rəqibimiz tarixində ilk dəfə məhz yığmamızla oyunda – 1998-ci ilin iyunun 24-də Estoniyada keçirilən beynəlxalq turnirdə uduzmayıb. İlk oyununu 1996-cı ilin noyabrın 13-də evdə Estoniya yığması ilə rəsmi matç olan andorralılar elə startdaca darmadağın olublar – 1:6. Daha çox böyük hesabla uduzan Andorra millisinin ən ağır məğlubiyyətləri Çexiya və Xorvatiya ilə rəsmi matçlarda 7 top fərqi ilə (müvafiq olaraq 8:1 və 7:0) yenilməyidir. Rəqibimizin orta məhsuldarlığı heç 1 deyil, əvəzində hər matçda orta hesabla 3-ə yaxın qol buraxırlar. Andorralılar üçün ən uğurlu 2000-də olub ki, həmin vaxt rəqib qapısına 6 dəfə yol tapmağa müvəffəq olub.

Rəqibimiz seçmə mərhələlərdə aldığı sarı, qırmızı vərəqələrin sayına görə Avropanın ən kobud komandalarından sayılır. Məhz belə oyuna, özbaşınalığa görə onlar çoxları tərəfindən tənqidə məruz qalırlar. Arsen Venger, Rafael Benites, Joze Mourinyo kimi tanınmış məşqçilər bu yığmanın seçmə mərhələlərində iştirakına qarşı çıxaraq, bu məsələyə tənqidi yanaşırlar. Onların fikrincə, bütün komanda ilə müdafiə olunan Andorra ilə matçlarda nəticə əvvəldən aydındır, rəqiblərinin aparıcı futbolçuları isə kobud oyunun nəticəsində zədə alırlar.

Andorranın yeganə peşəkar klubu “Sent Culiya” elə Çempionlar Liqasının ilk təsnifat mərhələsində mübarizəni dayandırır. Bu ölkədə heç bir peşəkar futbolçu yoxdur. Yığmanın oyunçular digər peşələrlə məşğul olmaqla, pul qazanır, boş vaxtlarında isə məşq edirlər. Məsələ yığmanın kapitanı Oskar Soneci sığorta agenti kimi çalışır. Yeri gəlmişkən, 36 yaşlı bu müdafiəçi keçirdiyi 88 matçla yığmada oyun sayında rekordçudur.

Autsayderi milliyətcə ispan, bu ölkədə anadan olan Koldo çalışdırır. 42 yaşlı çalışdırıcı yığmasının uzun illər əsas qapıçısı olub. 79 matçda oynayan Koldo 2003-də AFF tərəfindən ölkənin son 50 ildə ən yaxşı futbolçusu seçilib. Andorra futbolunun əfsanəsi vaxtilə millimizə qarşı oynayıb, indi baş məşqçi kimi görüşəcək. Maraqlıdır ki, rəqibimizin bombardiri müdafiəçidir. Bu, millimizin də qapısına yol tapan, hesabında 7 qol olan 33 yaşlı İldefons Limadır.

Mehman SÜLEYMANOV