Eder Bonfim: Mən belə şayiələrə uymuram - MÜSAHİBƏ
24.01.2012 - 14:14
Eder Bonfim: Mən belə şayiələrə uymuram - MÜSAHİBƏ
“Xəzər Lənkəran” klubunun portuqaliyalı futbolçusu Eder Bonfimin apasport.az saytına müsahibəsi

- Azərbaycanda keçirdiyiniz yarım il karyeranıza nə verdi?
- Gəlməzdən öncə elə fikirləşirdim ki, Azərbaycan çempionatı o qədər də güclü keçirilmir, səviyyəsi yüksək deyil. Amma indi fərqinə varmışam ki, rəqabətə davamlı birincilik var. 5-6 komanda titul uğrunda mübarizə aparır. Yəni, ilkin təəssüratım məni aldatdı. Bir neçə komanda çempionluq uğrunda mübarizə aparırsa, istər-istəməz maraq olur. Özümə gəlincə, “Xəzər Lənkəran”da xoşbəxtəm. Ölkənizə, komandaya tez uyğunlaşdım.

- Ölkəmizə gəlməzdən öncə Rumıniya çempionatında oynayırdınız. Bəs Azərbaycan və Rumıniya çempionatları arasında hansı fərqlər var?
- Təbii ki, Rumıniya çempionatı daha səviyyəlidir. Məsələn, “Styaua” kimi klublar hər il Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsində oynayırlar. Azərbaycan çempionatı isə inkişaf mərhələsindədir. Ölkənizdə səviyyəli futbolçular çoxdur. Fikrimcə, yaxın gələcəkdə klublarınız da Çempionlar Liqası və Avropa Liqasında yaxşı mübarizə aparacaqlar.

- Adətən yeni baş məşqçi özündən əvvəlki həmkarının gətirdiyi futbolçuları yavaş-yavaş heyətdən kənarlaşdırır. Siz də istefaya göndərilmiş Mirça Rednikin kadrlarından biri kimi bundan ehtiyatlanıb, özünüzə yeni klub axtarmaq fikrinə düşmüsünüzmü?
- Düzdü, məni komandaya Mirça Rednik gətirmişdi. Onun vaxtında demək olar bütün oyunlarda meydana çıxırdım, hər şeydən razı idim. Amma futbol həyatı belədir, baş məşqçi bu gün burda, sabah başqa klubda olur. Mən isə müqaviləni Redniklə yox, klubla bağlamışam. Hələ “Xəzər Lənkəran”la 6 aylıq müqaviləm var. Özümü bu komandada çox yaxşı hiss edirəm.

- Amma Rumıniyaya qayıtmaq istəməyinizlə bağlı xəbərlər yayılmışdı...
- Bunlar hamısı yanlış xəbərlərdir. Yeni baş məşqçi Cüneyt Biçər də mənə inandığını bildirib. Hissi edirəm ki, meydanda gördüyüm işdən də razıdır. Bu səbəbdən “Xəzər Lənkəran”da qalmaqdan çox məmnunam.

- Bəs belə xəbərlər nəyə əsasən yazılır?
- Mənə də maraqlıdır. Hardan qaynaqlandığını bilmirəm. Bu haqda mənə həyat yoldaşım xəbər verdi. Dedi ki, Rumıniya mətbuatında belə bir xəbər yayılıb. Bununla tanış olduqdan sonra klubun baş məşqçisi Cüneyt Biçər, rəisi Səməd Mustafayevlə danışdım. Onlara dedim ki, mənim komandadan getmək fikrim yoxdur. Baş məşqçidən, onun keçdiyi məşqlərdən də razıyam. Komandada hər şey ürəyimcədir. Ona görə də bütün fikrimi hazırlığa, komandamızın titul qazanmasına yönəltmişəm. Həmin xəbəri yazmaqla, bəlkə də mənim stabilliyimi pozmaq, fikrimi yayındırmaq istəyirlər. Amma yetərincə təcrübəm var. Mən belə şayiələrə uymuram.

- Ölkəmizdə çıxış edən ən yaxşı, sabit oynayan legionerlərdən sayılırsınız. Bəs sizin Premyer Liqada bəyəndiyiniz futbolçu varmı?
- İlk növbədə komandamızın kapitanı Rahid Əmirquliyevi qeyd edərdim. İstər meydanda, istərsə meydandan kənardakı davranışları ilə məni yaxşı mənada təəccübləndirib. Göstərdiyi oyun və əzmkarlıq çox xoşuma gəlir. Nəzərə alaq ki, hələ gəncdir, xaricdə oynamaq şansı da var. Ümid edirəm ki, bu, baş verəcək. Əcnəbilərə gəlincə, “Qarabağ”da oynamış Roşanın adını çəkərdim. Çox yaxşı, maraqlı futbolçudur.

- Sağ cinah müdafiəçiniz. Sizin üçün meydanda üzləşdiyiniz ən təhlükəli cinah yarımmüdafiəçisi, hücumçu kimdir?
- Əslində, mən o qədər də çətinlik hiss etməmişəm. Amma təbii ki, həmin mövqedə Flavinyo təhlükəli futbolçudur. Bunu tək mən yox, hamı deyir. Ona boş sahə vermək, 1 dəqiqə nəzarətsiz saxlamaq olmaz. Yaxşı zərbələrə malikdir.

- Sözsüz ki, ölkəmizdə titul qazanmaq istəyirsiniz. “Xəzər Lənkəran”la buna nail olmaq perspektivinə necə baxırsınız?
- Mövsümü titulla başa vurmağı tək mən yox, klub rəhbərliyi, məşqçilər korpusu, texniki heyət üzvləri də istəyir. Hamı buna çalışır. Mən də həmin məqsədə çatmaq niyyətindəyəm. Çempionatın müəyyən mərhələsində bizdə hər şey yaxşı idi. 7 xal fərqi ilə irəlidə idik. Sonra “uğursuzluq zolağı”na düşdük. “Neftçi”yə məlum məğlubiyyət komandaya çox pis təsir etdi. Hardasa 4-5 oyun özümüzə gələ bilmədik, bu səbəbdən xeyli xal itirdik. Amma buna baxmayaraq, indi liderdən 2 xal geridəyik. Qarşıda isə 14 oyun var. Bizdən öndə olan klublarla daha 2 dəfə görüşəcəyik. Bundan başqa kubok mübarizəsi da var. Yəni, həm çempionluğu, həm də kuboku qazanmaq üçün imkanımız mövcuddur. Hələ heç nə itirilməyib.

- Azərbaycan yığması növbəti seçmə mərhələdə Portuqaliya ilə görüşəcək. Bu oyunlar haqda fikirləriniz...
- Desəm ki, Portuqaliya favoritdir, qeyri-adi nəsə söyləmiş olmaram. Çünki indi kimdən soruşsan, hamı eyni sözü deyəcək. Portuqaliya yığmasının heyətində dünya səviyyəli futbolçular yer alıb. Oynamaq, mübarizə aparmaq lazımdır. Bu aspektdən yanaşsaq, Azərbaycanın da şansı var. Milliniz son vaxtlar inkişafdadır. Müəyyən zamandan sonra istənilən komandaya başağrısı ola bilər. Amma Portuqaliyanın qalib gəlmək şansı daha çoxdur.

- Sizcə, milliniz bizimlə oyunlarda 6 xalı artıq qazanmış saya bilər, yoxsa sensasiya etməyə gücümüz çatar?
- Bayaq da dedim, indi asan rəqib yoxdur. Hər 2 komanda 11 nəfərlə oynayır. Bu gün futbol elədir ki, hansısa komanda matç öncəsi qalib deyil. Ola bilsin həmin gün Portuqaliya üçün uğursuz oldu. Əvəzində isə milli komandanızda hər şey yaxşı alındı.

- Portuqaliya millisinə çağırılmağınız üçün nə çatmır?
- Mən indi milli komanda haqda fikirləşmirəm. Düzdü, cavan olanda, “Benfika”ya gələndə belə bir arzuda idim. İndi isə 30 yaşım var, hər şey artıq arxada qalıb. Gecdir. Portuqaliya millisində daha güclü futbolçular var. O vaxt komandalarımı tez-tez dəyişməyə başladım. Bu amil milliyə düşməyimə mane oldu. İndi bütün məqsədim oynadığım klubda uğur qazanmaqdı.

İxtiyar ƏSGƏROV
ANTALYADAN


Müsahibənin alınmasında göstərdiyi köməyə görə, “Xəzər Lənkəran” klubunun tərcüməçisi Elvar Quliyevə minnətdarlıq edirik