“Neftçi”dən ardıcıl eyni nəticə – YENİLƏNİB
24.01.2012 - 18:54
“Neftçi”dən ardıcıl eyni nəticə  – YENİLƏNİB
Bu gün “Neftçi” Türkiyədə 3-cü yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, son çempionumuz Bolqarıstanın yüksək liqa təmsilçisi “Beroe” ilə görüşüb. Bakı vaxtilə saat 17:00-da başlayan oyun 1:1 hesabı ilə nəticələnib.

Bakılılar 23-cü dəqiqədə hücumçu Emil Angelovun vurduğu qolla fasiləyə məğlub durumda yollanıb. Ancaq yarımmüdafiəçimiz Rəşad Abdullayev 70-cı dəqiqədə hesabı bərabərləşdirməyi bacarıb və bu, oyunda son qol olub.

Bu, Böyükağa Hacıyevin baş məşqçisi olduğu komandanın “Terek”in təşkilatçısı olduğu Əhməd Kadırovun xatirəsinə həsr olunmuş beynəlxalq turnir öncəsi son sınağı olub. Yanvarın 27-də püşkü atılacaq həmin turnirin ertəsi startı veriləcək.

Qeyd edək ki, “Neftçi” Antalyada keçirdiyi ilk 2 yoxlama oyununda Almaniyanın “Dinamo” (Drezden) klubuna uduzub (0:1), Qazaxıstanın “Aktobe” komandası ilə 1:1 hesablı bərabərliyə qalıb. Göründüyü kimi, qış çempionumuz ardıcıl 2-ci oyunda eyni nəticəyə imza atıb.

YOLDAŞLIQ GÖRÜŞÜ
“Neftçi” (Azərbaycan) - “Beroe” (Bolqarıstan) - 1:1