“Rəvan” yerli qapıçı ilə anlaşdı
25.01.2012 - 00:01
“Rəvan” yerli qapıçı ilə anlaşdı
“Hazırda Salyanda təlim-məşq toplanışındayıq. Hazırlıq çərçivəsində “Muğan”la yoldaşlıq oyunu da keçirəcəyik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Rəvan” klubunun baş məşqçisi Vladislav Qədirov deyib.

Qış fasiləsini ölkədə keçirən tək-tük klublarımızdan olan “Rəvan” dünəndən etibarən məşqlərini Salyanda həyata keçirir. Gündə iki dəfə məşq edən debütant heyətini komplektləşdirmək istiqamətində çalışmalarını davam etdirir. Hazırda düşərgədə iki legioner baxışdadır. Onlardan biri serbiyalı hücumçu Vidakliçdir. Digər əcnəbi barədə isə hələ məlumat verilmir: “Həmin futbolçu klublarımızda oynayıb. Məsələ həll olunmadığına görə, ad açıqlamaq istəmirəm. Çünki söz-söhbət yaranacaq”.

Baş məşqçi heyətə mütləq bir hücumçu götürmək istədiklərini, buna görə də baxışa yeni oyunçuların gələcəyini istisna etmədi: “Sierra Leonedən bir hücumçu gəlməlidir. Həmin futbolçunu yanvarın 27-də AZAL-la keçirəcəyimiz oyunda yoxlayacam. Yəni ön xəttə bir nəfər transfer edəcəyik”.

Qapıçı axtarışlarını yekunlaşdıran paytaxt klubu istədiyini tapıb. Amma hələ məsələ rəsmiləşmədiyindən Qədirov ad açıqlamaq üçün bir qədər gözləməyi uyğun hesab edir. O da məlum oldu ki, “Rəvan” icarə əsasında “Turan”ın formasını geyinən Anar Nəzirova da dəvət göndəribmiş. Lakin qapıçı onlara yox cavabı verib: “Qapıçı məsələsi həll olmaq üzrədir. Yerli qolkiperlə anlaşacağıq. İki-üç günə məsələ dəqiqləşəcək. Bu sahədə danışıqlar aparılır.

Düzdür, Anar Nəzirovu komandaya götürmək istəyirdik. Lakin o, razılıq vermədi. Deyəsən, klubu ilə problemi var idi”.