“Kişi gedən insanın dalınca danışmaz”
25.01.2012 - 00:05
“Kişi gedən insanın dalınca danışmaz”
“Xəzər Lənkəran” klubunun yarımmüdafiəçisi Elnur Abdullayevin apasport.az saytına müsahibəsi

- “Xəzər Lənkəran”a ötən qış fasiləsində gəldiniz. Bu 1 ili karyeranızda necə dəyərləndirərdiniz?
- Düzdü, bu komandaya 1 il əvvəl, “Muğan” komandasından keçdim. Bildiyiniz kimi, mən gələnədək “Xəzər Lənkəran” son 3-4 ildə titul qazana bilmirdi. Sevindirici haldır ki, mənim gəlişimdən sonra komanda ölkə kubokuna sahib çıxdı, çempionatda ikinci yeri tutdu. Ötən mövsüm mənim üçün çox uğurlu oldu. Cari mövsümdə isə qızıl dubl etməyə çalışırıq.

- Yeni gələn vaxtlar bu komandada yaxşı təsir bağışlayırdınız və demək olar həmişə əsas heyətdə yer alırdınız. Ancaq sonradan kölgədə qaldınız. Nə baş vermişdi?
- Vallah, heç özüm də nə baş verdiyini anlamadım. Rednik məni gah oynadır, gah da oynatmırdı. Ancaq həmişə mənə hər şeyin yaxşı olduğunu deyirdi. Hiss edirəm ki, bu toplanışda formadayam. Belə davam etsəm, çempionatda özümü daha yaxşı tərəfdən göstərəcəm.

- Sizi transfer edən rumıniyalı baş məşqçi Mirça Redniklə münasibətlərinizdə problem var idimi? Vardısa, bu, nə ilə bağlı idi?
- Kişi gedən insanın dalınca danışmaz. Şəxsən mən, Rednik haqda pis fikirdə deyiləm. Çünki məni “Xəzər Lənkəran”a Rednik gətirmişdi. Mən də əlimdən gələni edirdim ki, onun ümidlərini doğruldum. Fikrimcə, heç də pis təsir bağışlamırdım. Elə düşünürəm ki, Rednikin xarakteri dəyişmişdi. Bu da komandaya pis təsir edirdi, futbolçularla aralarında anlaşılmazlıq yaradırdı.

- “Simurq”la oyunda sizi 2-ci hissədə meydana buraxan Rednik sona yaxın gənc futbolçu ilə əvəzlədi. Həmin vaxt əvəzləməyinizə narazılıqla reaksiya verdiniz. Bu dəyişiklik sizə çox pis təsir etmişdi?
- Düzdü, Rednikin bu hərəkəti mənə çox pis təsir etmişdi. Oyundan sonra mənə dedi ki, taktiki dəyişiklik etdiyi üçün əvəzləməyə ehtiyac vardı. Amma sonradan meydana daxil olan futbolçunu dəyişmək mənim ən xoşlamadığım şeydir. Çünki bu hal futbolçuya çox pis təsir edir, futbolçu “sına” bilər. Hətta belə epizodu televiziyadan izləyəndə də mənə pis təsir edir. Amma Rednik bunu mənə qarşı etdi. Özü də bilirdi ki, bu, mənim xoşuma gəlmir.

- İndiki baş məşqçiniz Cüneyt Biçərlə münasibətləriniz necədir? Onun Rednikdən üstünlüyü nədir?
- Biçər komandaya yeni gəlmiş baş məşqçidir, ona vaxt vermək lazımdır. Cüneyt bəy şirin dilli məşqçidir. Futbolçular arasında ayrı-seçkilik etmir, hamı ilə öz dilində danışır.

- Sözlərinizdən belə nəticə çıxarmaq olarmı ki, Rednik futbolçular arasında ayrı-seçkilik edirdi?
- Yox, elə deməzdim. Sadəcə, Rednik çox dəyişmişdi, çox sərt idi. Amma Biçər yaxşı ünsiyyət qurmağı bacarır. Arzulayardım ki, həmişə belə olsun.

- Türkmənistanla yoxlama oyununda komanda yoldaşınız Elnur Allahverdiyevlə sözünüz düz gətirmədi. Buna səbəb nə oldu?
- Vallah ciddi bir şey yox idi. Meydanda hər şey olur. Futbolçu meydanda hirsli olur. Həmin vaxt deyilən söz futbolçuya pis təsir edir. Nə oldusa, meydanda qaldı. Elnurla münasibətlərimiz əvvəlki kimi, indi də yaxşıdır.

- “Xəzər Lənkəran”ın əsas heyətində yerinizi necə qaytara bilərsiniz?
- Mən həmişəki Elnuram. Əsas heyətə qayıtmaq üçün çalışıram. İnşallah, əsas heyətə qayıdıb, özümü göstərəcəm. Buna inanıram.

- Komandanız ikinci yoxlama matçında “Volfsburq II” klubu ilə qarşılaşdı və 2:1 hesablı qələbə qazandı. Bu oyun və vurduğunuz gözəl qol haqda nə deyə bilərsiniz?
- Türkmənistan yığması almanlarla müqayisədə daha ağıllı oynayırdı. “Volfsburq” sərt oyuna üstünlük verirdi. İlk yarıda komandamız gənc futbolçularla mübarizə apardı. Amma ikinci hissədə biz başqa futbol oynadıq. Fərqləndiyim epizoda gəlincə, elə qol vurmaq çox xoşuma gəlir. Mənim vurduğum qollar az olsa da, baxımlı alınır.

- Sonuncu dəfə belə gözəl qolun kim tərəfindən vurulduğunu bilirdiniz?
- 3-4 gün əvvəl komandamızın kapitanı Rahid Əmirquliyevlə “Mançester Siti” – “Tottenhem” matçına baxırdıq. Həmin oyunda Beyl belə bir qol vurmuşdu. Onda Rahid mənə dedi ki, Elnur sən də belə qol vura bilərsən? Cavab verdim ki, qarşıdakı oyunlarda cəhd edərəm. Elə alındı ki, “Volsfburq”la görüşdə həminki kimi gözəl qol vurdum. Həmin qolu da 1 həftə öncə dünyaya gələn ikinci oğluma həsr edirəm.

- Milli komandamızın düşərgəsində olsanız da, yığma səviyyəsində debüt etməmisiniz. Buna nə vaxt nail ola biləcəksiniz?
- Mən baş məşqçi Berti Foqtsun qərarına hörmətlə yanaşıram. Amma düşərgəyə çağırsa da, mənə şans vermir. Nəyə görə şans vermədiyini də bilmirəm. Şans vermir deyə, karyeramı başa vurmayacağam ki? Çalışıram, məşq edirəm. İnanıram ki, gələcəkdə yenə çağırar və mən də öz sözümü deyərəm.

İxtiyar ƏSGƏROV
ANTALYADAN