“Vyaçeslav Sofroninin komandamıza transferi “düyünə düşüb”
25.01.2012 - 16:30
“Vyaçeslav Sofroninin komandamıza transferi “düyünə düşüb”
Azərbaycan kubokunun qalibi Vyaçeslaf Sorfoninin “Simurq”a keçidi “düyünə düşüb”. Klubun icraçı-direktoru Vaqif Əliyev apasport.az saytına açıqlamasında bəyəndikləri moldovalı hücumçunun transferinin açıq qaldığını bildirib. Halbuki zaqatalılar Antalyadakı hazırlıq prosesinə dəvət edərək, Qazaxıstanın “Kaysar” klubu ilə yoxlama oyununda razı qaldığı Vyaçeslavla müqavilə bağlamağı nəzərdə tutmuşdu. Elə Əliyev saytımıza açıqlamasında məsələnin böyük ölçüdə həll olunduğunu və Bakıya qayıtdıqdan sonra rəsmi müqavilənin imzalanacağını bildirmişdi.

Ancaq icraçı-direktorun budəfəki açıqlamağı başqa mətləbləri ortaya qoydu. Onun sözlərinə görə, Sofroninin transferi çox güman baş tutmayacaq: “Düzdür, biz onu istəyirik, ilkin anlaşma da əldə olunub. Elə moldovalı da bizdə oynamaq istəyir. Ancaq onun başqa təklifləri var. Dediyinə görə, Qazaxıstanın “Ordabası” klubu, başqa bir neçə komanda onunla maraqlanır. Bu üzdən bizimlə müqavilə imzalamaqda tərəddüd edir və belə gedişlə keçid böyük ehtimalla olmayacaq. Antalyaya baxışa gətirdiyimiz “Turan”ın futbolçusu Rəşad Orucov isə hələ ki düşərgəmizdədir. Onu digər yoxlama oyunlarımızda da meydana çıxacağı gözlənilir. Ancaq çox güman, sonda geri qaytaracağıq”.

Qeyd edək ki, Sofroni il yarım oynadığı “Bakı”dan ötən yay gedəndən sonra da “Simurq”a keçidi gündəmdə olsa da, danışıqlar razılığın əldə olunmamağı ilə nəticələnmişdi.

Mehman SÜLEYMANOV