“Məlum məsələlər də öz təsirini göstərdi” - MÜSAHİBƏ
26.01.2012 - 00:01
“Məlum məsələlər də öz təsirini göstərdi” - MÜSAHİBƏ
Təlim-məşq toplanışı keçirmək üçün Antalyaya yollanan “Kəpəz” klubunun prezidenti Elmir Əliyevin apasport.az saytına müsahibəsi

- Əvvəlcə komandanızın qış fasiləsinə qədər olan çıxışını dəyərləndirərdiniz. Sizcə, nəticələrdən razı qalmaq olarmı?
- Ayrı-ayrılıqda görüşləri dəyərləndirməsək və ümumi nəticələrə baxsaq, heç də yaxşı söz demək olmaz. Düzdür, bəzi oyunlarda xeyli yaxşı nəticələr qazanmışıq. Amma biz fasiləyə 10-cu pillədə yollanmışıqsa, bu halda necə razı qalmaq olar?

- Mövsümə yaxşı başlamışdınız. Bəs nəyə görə bunun davamını gətirə bilmədiniz?
- Doğrudan da, mövsümə yaxşı start verə bilmişdik. Bilirsiniz, nəticələr bizi də ümidləndirmişdi. Təəssüf ki, sonradan bunun davamı gəlmədi. Bir çox görüşlərdə gözləmədiyimiz halda xallar itirdik. Halbuki, həmin qarşılaşmalarda xal qazana bilsəydik, indi daha yaxşı vəziyyətdə idik. Ən azından ilk “altılığ”a düşmək şansımız xeyli yaxşı olacaqdı. Elə buna görə də vəziyyətimiz ürəkaçan deyil.

- Uğursuzluğun səbəblərindən biri kimi, müdafiə xəttinin zəif çıxış etməsi göstərilir. Bu fikirlə razısınızmı?
- Bəli. Doğrudan da bəzi qarşılaşmalarda xal itirməyimizin başqa səbəbi olmadı. Müdafiə xətti istədiyimizdən aşağı səviyyədə çıxış etdi. Düzdür, bu mövqedə yer alanların tez-tez zədələnməsini də unutmaq lazım deyil. Hər halda, onların çıxışından narazı qaldım.

- Komandanız paytaxt təmsilçilərinə qarşı yaxşı çıxış etsə də, əyalət klubları ilə duellərdə elə də xoş təsir bağışlamırdı...
- Sizinlə tamamilə razıyam. Uzun müddət Bakı klublarından heç kim bizə qalib gələ bilmədi. Ümumiyyətlə, güclü klublara qarşı yaxşı çıxış etdik. Misal üçün, “Bakı”ya səfərdə qalib gəldik, “İnter”dən səfərdə, “Neftçi”dən doğma meydanda bir xal götürdük. Lakin zəif rəqiblərlə oyunlarda bunun tam tərsinin şahidi olduq. “Simurq” və “Turan”la görüşlərdə müsbət nəticə göstərməyə borclu idik. Ancaq bunun tərsi oldu. Həmin itirilən xalların yeri hələ də görünür. Bir də məlum məsələlər də öz təsirini göstərdi.

- Komandanızda maliyyə problemləri var idi...
- Artıq bütün məsələlər müsbət həll olunub. İndi komanda yenidən öz gücü ilə məşq edir və çətinliklər arxada qalıb. Düşünürəm ki, tezliklə öz gücümüzü bərpa edə biləcəyik və daha yaxşı nəticələr göstərəcəyik.

- Türkiyədəki təlim-məşq toplanışı zamanı planlarınız nədir?
- Orada üç yoxlama görüşü keçirəcəyik. Bu yöndə işlər demək olar ki, yekunlaşıb. Yanvarın 28-də Ukraynanın “Aleksandriya” klubu ilə qarşılaşacağıq. Ayın 30-da isə Moskva “Spartak”ının əvəzedici komandası ilə üz-üzə gələcəyik. Bu görüşlərdə komandamızın real gücü ortaya çıxacaq və əyər-əskiklərimizi görməklə yanaşı, çempionatın qalan hissəsinə hazırlaşacağıq.

- Bəs heyətlə bağlı nə düşünürsünüz?
- Bilirsiniz ki, biz artıq bir neçə legioner və bəzi yerli futbolçularla yollarımızı ayırmışıq. Ona görə də komandanı gücləndirmək lazımdır. Bəzi gənc yerliləri dəvət etmişik. Legionerlərdən də çağırdıqlarımız olub. Onlardan birini bəyənmədik. Türkiyədə hazırlığa bir neçə əcnəbi gələcək. Rusiyadan, Ukraynadan bir neçə futbolçu gəlməlidir. Onlardan başqa, Ukraynada oynayan bir azərbaycanlı gənci də dəvət etmişik. Onları yoxlayıb yekun qərar verəcəyik.

- Ukraynadan çağırdığınız “Aleksandriya”da çıxış edən azərbaycanlı Ruslan Zeynalov deyil ki?
- Xeyr. Qoy, bu sirr qalsın. Sadəcə, onu deyə bilərəm ki, baxışa çağırdığımız futbolçuların hamısı müdafiəçilərdir. İstəyirik ki, müdafiə xətti bu dəfə yaxşı təsir bağışlasın.

- Yəqin ki, ilk “altılığ”a düşmək ümidinizi itirmisiniz...
- Bəli. Real götürəndə 4 tura 10 xallıq fərqi aradan qaldırmaq mümkün deyil. Əsas istəyimiz çempionatı 7-ci pillədə başa çatdırmaqdır.

- Sizi kubokda çətin mübarizə gözləyir. “Neftçi” ilə duellərdə nəyə ümid edirsiniz?
- Biz kubokda sona qədər mübarizə aparacağıq. Düzdür, “Neftçi” güclü rəqibdir, son çempiondur. Hazırda da yaxşı çıxış edir. Onlarla oyunumuz alınmasa da, çalışacağıq ki, bu sindroma son qoyaq.

- İndidən növbəti mövsümün də planlarınız cızmağa başlamısınızmı?
- Gənclərlə gələcəyin komandasını qururuq. Yayda yalnız zəif mövqeləri gücləndirəcək və daha yüksək yerlər uğrunda mübarizə aparacağıq.

- Baş məşqçi Fuad İsmayılov mövsümün sonunda baş məşqçi postunda qalacaq, yoxsa?
- Müqaviləsi mövsümün sonuna qədərdir. Amma hamı əmin ola bilər ki, gələn mövsümə də komandanı o, hazırlayacaq.