Bakılıların Antalya sindromuna “İnter” son qoydu
26.01.2012 - 12:29
Bakılıların Antalya sindromuna “İnter” son qoydu
Azərbaycan Premyer Liqasında çıxış edən Bakı təmsilçilərinin Türkiyənin Antalya şəhərindəki uğursuz seriyasına son qoyulub. Apasport.az saytının məlumatına görə, təlim-məşq toplanışı keçmək üçün Antalyaya yollanan paytaxt təmsilçiləri ilk qələbəni qazanıblar. Buna “İnter” nail olub. Kaxaber Sxadadzenin yetirmələri “Konya Şəkərspor”a qalib gəlib – 3:2.

Bunadək 2 oyun keçirən “İnter” “Karlsrue”yə (Almaniya) 1:3 hesabı ilə uduzub, “Skenderbeu” (Albaniya) ilə heç-heçə etmişdi - 0:0. Üçüncü cəhddə sevinən “İnter”dən fərqli “Bakı” və “Neftçi” bu qış Türkiyədə qələbə həsrətindədir. “Dinamo”ya (Drezden, Almaniya) 0:1 hesabı ilə uduzan “Neftçi” “Aktobe” (Qazaxıstan) və “Beroe” (Bolqarıstan) ilə eyni hesablı heç-heçə edib - 1:1. “Bakı” isə 2 darmadağınla yadda qalıb: “Alkmaar” (Hollandiya) 1:5, “İnqolştadt” (Almaniya) 0:4.

Bu isə o deməkdir ki, Bakı təmsilçilərinin Antalyadakı 8-ci oyunu qələbə ilə başa çatıb. Paytaxt futbolçuları 7 oyunluq seriyaya “İnter”lə son qoyublar.