Yenilənəcək, təkrarlanacaq!?
12.07.2012 - 15:29
Yenilənəcək, təkrarlanacaq!?
Bu gün Azərbaycan klublarının avrokuboklardakı çıxışı tarixinin rekordu gerçəkləşəcək. Apasport.az saytının məlumatına görə, saat 21:00-da meydana çıxacaq “İnter” səfərdə 5:0 hesabı ilə darmadağın etdiyi Estoniya “Trans”ı üzərində ümumi qələbəni rəsmiləşdirməklə, rekordun təkrarlanmasına töhfə verəcək. Belə ki, bakılılar “Xəzər Lənkəran”ın ardından mərhələ keçən 12-ci komandamız olacaq.

Bir mövsümdə 2 komandamızın irəliləməsi isə indiyədək ən yüksək nəticədir. 2004/05 mövsümündə “Neftçi” və “Xəzər Universiteti” müvafiq olaraq Çempionlar Liqası və İntertoto kubokunda mərhələ keçmişdi. 4 il sonra paytaxt cütlüyü yenə eyni uğuru təkrarladı. Lakin bu dəfə onlar turnirlərdəki yerlərini dəyişmişdilər.

2009/10 mövsümündə isə “Bakı” - “Qarabağ” cütlüyü Azərbaycanın mərhələ keçən komandaları oldu. Bakılılar Çempionlar Liqası, Ağdam təmsilçisi Avropa Liqasında nailiyyət əldə etdi.

Artıq 3 dəfə 2 klubumuz 1 ildə azarkeşlərini sevindirib. Bu yay “Xəzər Lənkəran”a qoşulacaq “İnter” axşamkı matç bitən kimi rekordun təkrarını rəsmiləşdirəcək. Düzdür, əvvəlki 3 hadisədən fərqli, hər 2 komandamızın eyni yarışda irəliləməsinin özü də rekorddur.

“İnter”dən 2 saat sonra oyunu başlayan “Bakı” isə rekordu yeniləməkdə pay sahibi ola bilər. Bakıda qolsuz heç-heçə etdiyi Sloveniya “Mura”nı dayandırıb irəliləsə, futbol tariximizdə görünməmiş nailiyyət əldə olunacaq. Yəni 1 mövsümdə 3 komandamızın birdən-birə mərhələ adlamasına indiyədək təsadüf olunmayıb.

Qeyd edək ki, bu rekord “Bakı”nın hesabına gerçəkləşməsə də, 3-ə çatmaq şansı qalır. Çünki gələn həftə mübarizəyə qoşulacaq “Neftçi” də uğur əldə edə bilər.
0