İlin ilk qələbəsi – YENİLƏNİB
06.02.2013 - 19:51
İlin ilk qələbəsi – YENİLƏNİB
Bu gün Azərbaycan milli komandası Dubayda 2-ci yoldaşlıq görüşünü keçirib. Apasport.az saytının məlumatına görə, yığmamız Birləşmiş Ərəb Əmirliklərindəki təlim-məşq toplanışı çərçivəsində son yoxlama matçında Lixtenşteynlə qüvvəsini sınayıb.

İlk oyununda Özbəkistanla qolsuz bərabərlik edən millimiz bu dəfə çətinliklə də olsa qələbə qazana bilib. Oyunda 2 dəfə penalti vurmaq imkanı qazanan yığmamızda Rəşad Sadiqovdan fərqli Vaqif Cavadov şansını qaçırmayıb.

Bununla da millimiz 5 oyunluq qələbəsiz seriyasına son qoyub. Belə ki, sonuncu qələbəni də yoldaşlıq görüşündə - ötən ilin avqustunda Bakıda Bəhreyn yığmasını 3:0 hesabı ilə məğlub etməklə qazanmışıq.




6 fevral
Azərbaycan - Lixtenşteyn - 1:0
QOL: Vaqif Cavadov, 75-pen
Baş hakim: Abdulla Əl Ajel
Hakim-köməkçiləri: Həsən Sukatri, Yasim Abdulla Hamed, Əl Şaik
Dubay. “Əl-Vəsl” stadionu


AZƏRBAYCAN: Səlahət Ağayev (Anar Nəzirov, 46), Bədavi Hüseynov, Vurğun Hüseynov (Rahid Əmirquliyev, 46), Rasim Ramaldanov, Maksim Medvedev, Elvin Məmmədov (Qara Qaaryev, 90+1), Vüqar Nadirov (Cavid Hüseynov, 72), Cihan Özkara (Vaqif Cavadov, 64), Rəşad Sadiqov, Rüfət Dadaşov (Pərdis Fərcad-Azad, 46), Rauf Əliyev (k)

LİXTENŞTEYN: Peter Yele, İvan Kintans, Daniel Kaufman, Andreas Kristen (Frants-Yozef Foqt, 85), Frants Burqmayer, Mikel Polverino, Tomas Bek (Eris Burak, 64), David Hasler, Nikolas Hasler, Filipp Erner, Matias Kristen

Komandalar meydana daxil oldu. Azərbaycanla Lixtenşteynin dövlət himnlri səsləndirilir.

Oyuna rəqib başladı.

Mübarizə meydanın mərkəzində gedir.

4-cü dəqiqə. Rauf hava ötürməsini saxlamadan qapıya göndərmək istəsə də, zərbə istədiyi kimi alınmadı.

7-ci dəqiqə. Vüqarın sol cinahdan ötürməsini qapıçı tutdu.

10-cu dəqiqə. Oyunda ilk real qol imkanı. Bədavinin ötürməsindən sonra Nadirovun zərbəsi dirəyə tuş gəldi.

11-ci dəqiqə. Raufa qarşı qayda pozuntusuna görə təyin edilən cərimə zərbəsindən sonra Vüqarın zərbəsini qapıçı tutdu. Hazırda rəqibin 2 futbolçusu zədələndiyindən, oyun dayandırılıb. Həkimlər meydana daxil olublar.

15-ci dəqiqə. Dadaşov əlverişli ötürməyə yetişə bilmədi və qapıçı onu qabaqladı. Oyunda ilk künc zərbəsini lixtenşteynlilər yerinə yetirir. Ancaq bu, bizim üçün təhlükəli olmadı.

17-ci dəqiqə. Rəqibin qapımıza ilk zərbəsi çox zəif alındı və Səlahət onu tutdu. Bundan bir neçə saniyə sonra millimiz oyunda ilk ofsayda düşən tərəf oldu.

19-cu dəqiqə. Yenə qol şansını qaçırdıq. Rauf qapıçı ilə təkbətək çıxsa da, aşırma zərbəsi dirəyin yanından keçdi.

Bu dəqiqələrdə oyun qarşılıqla hücumlar şəraitində keçir.

27-ci dəqiqə. Əliyevə qarşı qayda pozuntusuna görə təhlükəli cərimə zərbəsi. Ancaq Vüqarın güclü zərbəsi qapının üstündən keçdi.

29-cu dəqiqə. Sol cinahdan edilən hava ötürməsindən sonra Raufun baş zərbəsi qeyri-dəqiq oldu.

33-cü dəqiqə. Oyunda ilk sarı vərəqəni Elvin Məmmədov kobud oyuna görə alır. Rəqibə tibbi yardım üçün həkimlər meydana daxil olur.

36-cı dəqiqə. Dadaşov toru silkələsə də, yan xətt hakimi ofsayd qeydə aldı.

39-cu dəqiqə. Vüqarın cərimə meydançası daxilində ötürməsinin qarşısını rəqib futbolçular aldı.

41-ci dəqiqə. Dadaşov oyunda 2-ci dəfə ofsayda düşdü.

42-ci dəqiqə. Elvinin ünvansız ötürməsi əlverişli hücumun boşa verilməsinə gətirib çıxardı.

43-cü dəqiqə. Rüfət yenə oyundan kənar vəziyyətdə.

Baş hakim ilk hissəyə 1 dəqiqə əlavə etdi.

Komandalar fasiləyə qolsuz heç-heçə ilə yollandı.


İkinci hissə başladı. Topu futbolçularımız daxil etdi. Baş məşqçimiz Berti Foqts meydana 2 yeni futbolçu buraxır.

46-cı dəqiqə. Millimiz daha bir qol imkanını əldən verdi. Bu dəfə də Rauf fərqlənə bilmədi.

49-cu dəqiqə. Nadirovun güclü zərbəsini Yele çətinliklə küncə çıxardı.

51-ci dəqiqə. Millimiz penalti qazanır. Rəşad Sadiqov əllə oyuna görə təyin olunan zərbədən sonra qapıçı topu ayağı ilə çıxardı. Bundan az sonra meydanda qarışıqlıq düşür və Yele sarı vərəqə aldı.

Millimiz hücumlarını davam etdirir.

60-cı dəqiqə. Elvin gözəl fərdi reydi ilə bir neçə futbolçunu arxada qoysa da, müdafiəçilər zərbə vurmağına imkan vermədi.

64-cü dəqiqə. Hər 2 komandada dəyişiklik edilir. Foqts hücumu gücləndirmək üçün Vaqif Cavadovu meydana buraxdı.

67-ci dəqiqə. Vaqif hesabı açmağa yaxın oldu. O, hava ötürməsindən sonra qapıya vurduğu qayçıvari zərbə dəqiq olmadı.

70-ci dəqiqə. Foqtsun daha bir əvəzetməsi ilə oyun sxemində dəyişklik edildi. Vaqif yarımmüdafiənin solunda oynayan Vüqarın yerinə getdi, meydana çıxan Cavid Hüseynov isə sağda yer aldı.

75-ci dəqiqə. Rəqib daha bir əllə oyuna görə penaltiyə səbəbkar olur. Vaqif Cavadov dəqiq zərbə ilə hesabı açır. Baş hakim topun qapıdan keçməyinə əllə imkan verməyən Ernerə qırmızı vərəqə göstərərək, onu meydandan çıxarır. Bu, onun 2-ci sarı vərəqəsi idi.

77-ci dəqiqə. Rəqibdə daha bir sarı vərəqəni Burqmayer alır.

80-ci dəqiqə. Lixtenşteyn cərimə zərbəsi yerinə yetirir. Ancaq bizimkilər topu uzaqlaşdıra bildilər.

82-ci dəqiqə. Əliyev əlverişli imkandan yararlana bilməyərək, topu qapının üstündən vurdu.

84-cü dəqiqə. Rəqibin səhvindən sonra Pərdisin zərbəsini qapıçı qaytardı. Qayıdan topu Rauf tora göndərə bilmədi.

88-ci dəqiqə. Millimiz künc zərbəsindən üstünlüyünü artırmaq imkanı qazanır. Ancaq Elvinin zərbəsi qapının yanından keçdi.

Baş hakim 2-ci hissəyə 3 dəqiqə əlavə edir.

90+1-ci dəqiqədə Maksimin aşırma zərbəsini qapıçı təcrübəsi hesabına son anda barmaqları ilə çıxarır.

2-ci uzatma dəqiqəsində Əmiqruliyevin uzaq məsafədən zərbəsi qapının yanından keçdi.

Oyun başa çatdı.