AFFA-da ən yaxşılar mükafatlandırılır
11.03.2013 - 12:00
AFFA-da ən yaxşılar mükafatlandırılır
Bu gün Topaz Premyer Liqasında fevral ayının ən yaxşı futbolçusu və ən gözəl qolun müəllifi mükafatlandırılır. Apasport.az saytının məlumatına görə, AFFA-nın inzibati binasında keçirilən tədbirdə ötən ayın ən yaxşısı seçilən “Neftçi”nin çilili hücumçusu Nikolas Kanaleslə vurduğu qolla 1-ci olan “İnter”in yarımmüdafiəçisi Asif Məmmədov mükafatlarını alacaq. Nikolas 1500, Asif 1000 manat mükafat alacaq.

Cari çempionatımızda 20 qolla bombardier olan Kanales 37 jurnalist arasında sorğunun qalibi olubsa, Məmmədov Peşəkar Futbol Liqasının rəsmi saytında keçirilən səsvermədə fərqlənib. Onun “Xəzər Lənkəran”a səfərdə 3:2 hesabə ilə qalib gəldikləri oyunda vurduğu qol ən gözəl sayılıb. Səsvermədə 22000-dən çox nəfər iştirak edib.

Tədbirdə həmçinin Azərbaycan çempionatları tarixində vurulmuş 10000-ci qolun müəllifinə də Peşəkar Futbol Liqası və Topaz tərəfindən xüsusi mükafat təqdim ediləcək. Bu, ötən ilin dekabrında “Neftçi”yə 1:2 hesabı ilə uduzduqları oyunda fərlqənən “Bakı”nın kapitanı Elvin Məmmədovdur.