Ramin Musayev: Bunun günahkarı mən deyiləm axı
11.03.2013 - 14:14
Ramin Musayev: Bunun günahkarı mən deyiləm axı
“İstər ayın futbolçusunu, istərsə də ən yaxşı qolun müəllifinin seçilməsi səsvermə yolu ilə edilib. “Topazl”a birgə ilk tədbir olduğuna görə bunun AFFA-nın binasında keçirilməyini istədim. Çünki futbolumuz burdan başlayır. Növbəti tədbirlər başqa məkanda gerçəkləşdiriləcək”.
Apasport.az saytının məlumatına görə, bu fikirləri Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib.

Bu gün AFFA-nın inzibati binasında PFL və Topaz birgə fevralın ən yaxşı futbolçusu, həmin ayda vurulan ən yaxşı qolun müəllifini və çempionatlarımız tarixində vurulan 10000-ci qolun müəllifinin mükafatlandırılması mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan PFL rəhbəri yerli oyunçuların iki nominasiya üzrə fərqlənməsindən məmnunluğunu gizlətməyib: “Sevindirici cəhət odur ki, 10000-ci qolun müəllifi, eləcə də fevral ayında vurulan ən yaxşı qolun müəllifi yerli oyunçulardır. “Neftçi”nin hücumçusunu da təbrik edirəm. Doğurdan da Nikolas Kanales “ayın futbolçusu” seçilməyə layiq idi. Son vaxtlar mənə sual verirlər ki, bombardirlər siyahısında niyə yerli oyunçu yoxdur? Amma bunun günahkarı mən deyiləm”.

Musayev “Topaz”la müqavilə imzaladıqdan sonra əldə edilən uğurlardan da danışıb: “Əvvəlki iki illə müqayisədə oyunların canlı yayımın sayı iki dəfə artıb. Çalışacağıq ki, I divizion çərçivəsində keçirilən oyunların da yayımına nail olaq. Bununla bağlı “Topaz” rəhbərliyi ilə görüşümüz olacaq. Tədbirdən sonra onlardan bu məsələdə bizə kömək etmələrini xahiş edəcəyik. Çünki orada oynayan gənc futbolçuların buna ehtiyacı var”.

PFL prezidenti I diviziondan Premyer Liqaya komandanın gəlib-gəlməyəcəyinə də aydınlıq gətirib. O, bir komandanın Premyer Liqada oynamaq istədiyini dəqiqləşdirdiyini bildirib: “İndi desəm ki, yayda aşağı dəstədən Premyer Liqaya iki komanda gələcək və vədə yetişəndə bu, baş verməsə, onda mən neyləyəcəyəm? Aşağı divizionda çıxış edən klublarla maraqlanmışam. Onlardan birinin gəlmək istədiyi dəqiqləşib.
Adını açıqlamayacağam, həmin komanda hazırda çempion olmaq uğrunda mübarizə aparır. Lisenziya da alıblar. Ancaq ikinci komanda sual altındadır. Əgər hansısa komanda Premyer Liqada oynamaq istəmirsə, biz onu məcbur edə bilmərik. Belə bir imkanımız olsaydı, onda çempionatı 12 yox, 18 komanda ilə keçirərdik”.